Kənd Təsərrüfatı Nazirliyi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun tabeliyində olan TT-da əkilib becərilən üzüm sortlarının ampeloqrafik qiymətləndirilməsi, sortların təyin edilməsi və sorttəmizliyinin təmin edilməsi məqsədilə tədqiqat işləri davam etdirilir. Qeyd edək ki, ampeloqrafik protokollara görə sortun təyin edilməsində yarpaqlar ən dəqiq diaqnostik əlamətlərə malikdirlər və yarpaq əlamətlərinin əksəriyyəti "sabit" əlamətlər qrupuna daxildir. Son dövrlərdə rəqəmsal qiymətləndirmə, Beynəlxalq komputer baza sisteminin sürətli inkişafı ilə əlaqədar olaraq sort və formalar haqqında daha yığcam, səmərəli, əlçatan rəqəmsal əlamətlər sisteminin yaradılması aktuallıq kəsb edir. Rəqəmsal qiymətləndimə cihazlar, məlumatlar və proseslər arasında milyardlarla gündəlik internet bağlantısı nəticəsində ortaya çıxan, başqa bir deyimlə kompüter texnologiyalarına əsaslanan iqtisadi fəaliyyətdir ki, bizim işimizdə də aparıcı üsüldur. Məhz bu yolla biz beynəlxalq bazada öz üzüm sortlarımızın tanınmasını, onların hansı deskriptorlarla qruplaşdığını, hansı xüsusiyyətlərlə ortaq nöqtədə birləşdiryini və fərqləndiyini nəzərə çatdıra bilirik. Üzüm sortlarının təyin və təsvir edilməsində vacib rol oynayan orqanların, o cümlədən yarpağın ümumi quruluşundan başlayaraq, yaşıl cavan zoğlar, çiçək, salxım, gilə, toxum, odunlaşmış zoğ və s. haqqında məlumatlar Beynəlxalaq Üzüm və Şərab Təşkilatının (OİV) protokolları və qəbul edilmiş rəqəmsal sıralama şəklində olur. Formalaşmış yarpağın ampelometriyası çoxlu sayda təqdim edilmiş fotoşəkillər və sxemlərlə nəzərə çatdırılır. Yarpaqlarda ayanın səthinin rəngi, alt tükcüklərin hansı formada olması, hansı sortlarda tükcüklərə rast gəlinməsi, damarlarin quruluşu, dişciklərin kəsim forması, formalaşmış yarpaqda ayanın üst səthindəki əsas damarlardakı antosianla rənglənmənin əhatə etdiyi sahə və s. deskriptorlar movcuddur. Azərbaycanın hər bir yerli üzüm sortunun ampelodeskriptor əlamətləri təsvir və tərtib edilərək yerli və xarici məlumat bazalarına yerləşdirilməlidir. Çünki, bunun vasitəsilə Azərbaycanın üzüm genofondunun zənginliyini, onların təbliği və təşviqini həyata keçirmək, mənimsənilməsinin qarşısının almaq, onların xüsuisyyətləri barədə məlumatları əlçatan etmək mümkündür.