Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Şamaxı Təcrübə Stansiyasının Ampeloqrafik Kolleksiya bağında və tinglik sahəsində elmi-tədqiqat işləri, o cümlədən aqrotexniki, bitki mühafizə tədbirləri davam etdirlir. Şamaxı rayonunda üzümlüklər əsasən dəmyə (suvarılmayan) şəraitdə olduğundan, burada nəmlikqoruyucu innovativ tədbirlərin həyata keçirilməsinə yönəlmiş tədbirlər, kultivasiya, bitkiarası becərmə və s. əməliyyatlar vacib rol oynayır və bu şəraitdə tənəkarası frez torpağın nəmliyinin və münbitliyinin il boyu qorunub-saxlanılmasında mühüm əhəmiyyət kəsb edir. Təcrübə Stansiyasında qiymətli yerli üzüm sortlarının qorunub saxlanması, artırılması və davamlı istifadəsi məqsədilə yeni üzüm bağlarının salınması və tingliyin yaradılması, üzümlüklərin bərpası işləri aparılır. Qiymətli Mədrəsə üzüm sortundan salınmış yeni üzüm bağı alaq otlarından təmizlənmiş, bitkiararları və cərgəaraları şumlanmış və suvarma işləri həyata keçirilmişdir. Mədrəsə sortundan salınan üzüm bağından gəlcəkdə fillokseraya davamlı calaq-əkin materialının istehsalı üçün çubuq tədarükü nəzərdə tutulur. İstehsal olunan tinglər isə fermerlərə tövsiyə olunacaqdır.