Hazırda respublikamızın aran, düzən ərazilərində əkilib-becərilən üzüm bağlarında yaşıl əməliyyatların aparılma vaxtıdır. Necə aparmalı?.

Hazırda respublikamızın aran, düzən ərazilərində əkilib-becərilən üzüm bağlarında yaşıl əməliyyatların aparılma vaxtıdır. Necə aparmalı?.

Aqrotexniki tədbirlər kompleksində tənəkdə yaşıl əməliyyatların aparılması əsas tədbirlərdən biridir. Bu tədbirlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsi bol və yüksək keyfiyyətli məhsulun alınmasını təmin edir. Bu əməliyyat tənəyin fəal vegetasiya dövründə aparıldığından bir çox fizioloji proseslərə böyük təsir göstərir.

Tənəyin yaşıl hissələri ilə aparılan əməliyyatlara yaşıl zoğların qoparılması, yaşıl zoğların bağlanması, zoğların ucundan qoparılması, bicvurma, zoğların ucunun vurulması, çiçək qruplarının süni və əlavə tozlandırılması və s. aiddir.

Yaşıl zoğların qoparılması

Yaşıl zoğların qoparılması əməliyyatında məqsəd tənəyin böyümə gücünə müvafiq olaraq onun zoğlarla yükünü düzgün təyin etməkdir. Bundan əlavə bu əməliyyat vasitəsi ilə tənəyin düzgün formada olması, həmçinin havaların yaxşı getməsi və yarpaqların yaxşı işıqlandırılması üçün zoğların bir bərabərdə yerləşməsi təmin edilir. Ona görə də yaşıl zoğların qoparılması quru budamanı tamamlayır, bəzi hallarda isə quru budama zamanı buraxılmış nöqsanları bərpa edir.

Tənəklər üçün lazımsız olan yaşıl zoğlar onların böyüməsinin başlanğıcında aparılır. Bu dövrdə onlar əl ilə asan qoparılır və tənəkdə yara əmələ gətirmir. Azərbaycan şəraitində tənəkdə olan artıq yaşıl zoğların qoparılması işini iki-üç dəfə aparmaq lazımdır. Birinci qoparılma tənəyin gövdəsində və çoxillik zoğların üzərində yaşıl zoğların uzunluğu 10-12 sm-ə çatdıqdan sonra aparılır.

İkinci qoparılma isə əvəzedici çiliklər və bar zoğları üzərindəki yaşıl zoğlarda çiçək qrupları aydın seçiləndə, yəni barlı zoğları məhsulsuz zoğlardan ayırmaq mümkün olduğu zaman aparılır.

Zoğların üçüncü qoparılması isə çiçəkləməyə qədər bicvurma əməliyyatı ilə eyni vaxtda aparılmalıdır.

Tənəklərin yaşıl hissələrində aparılan əməliyyatların göstərilən vaxtdan gec aparılması lazımsız zoğların böyüməsinə, çoxlu qida maddələrinin sərf olunmasına səbəb olur və nəticədə tənək xeyli zəifləyir. Eyni zamanda zoğların qoparılması çətinləşir, çünki onlar güclü inkişaf edərək möhkəmlənir və onları kəsmək lazım gəlir. Bu isə tənəyə iri yaralar vurulmasına səbəb olur və çox vaxt tələb edir. Zoğların qoparılma əməliyyatı zamanı gövdədən və qollardan inkişaf edən bütün yaşıl zoğlar (sulu, yaxud haramı zoğlar), həmçinin tənəyin yeraltı hissəsindən çıxan pöhrə zoğlar kəsilib atılmalıdır. Bəzi hallarda, pöhrə zoğlar lazım gələrsə gövdənin və qolun cavanlaşdırılması, həmçinin basma (lügəndə) məqsədilə saxlanıla bilər.