5 noyabr 2021-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq ET İnstitutunda 8 noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi və əməkdaşları iştirak ediblər. Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin açılışında ÜŞETİ-nin direktoru Vüqar Səlimov çıxış edib. Direktor V.Səlimov, ilk növbədə, Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə təbriklərini çatdırıb. Tədbirdə institutun digər əməkdaşları da öz sözlərini bildiriblər. 44 günlük Vətən müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazdığını vurğulayaraq möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, vətənpərvər, qəhrəman Azərbaycan əsgəri və zabitlərinin mühüm pay sahibi olduğunu qeyd ediblər.
Bildirilib ki, işğal altında olan torpaqlarımızı azad etməklə otuz illik yurd həsrətinə son qoyan və şəhidlik zirvəsinə ucalaraq adlarını qızıl hərflərlə Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi həkk edən igid vətən övladları heç zaman unudulmayacaq və onların əziz xatirəsi daim yad ediləcəkdir.
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!