04.04.2022-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru a.e.e.d. dosent Vüqar Səlimovun “Üzümlüklərdə ilkin yazda mövsümü işlər və üzümü yaz şaxtalarından qoruma tədbirləri” mövzusunda ZOOM proqramı vasitəsilə onlayn təlimi keçirilib. Təlimçi ilk öncə üzümün əhəmiyyəti haqqında məlumat verib. Belə ki, xalq arasında “Cənnət meyvəsi” də deyilən üzüm dünyadakı istifadə istiqamətinə, məhsullarının istifadəsinin çoxsahəliliyinə görə alternativi olmayan olduqca nadir meyvələrdən biridir. Üzümdən başlıca olaraq süfrəlik üzüm, quru üzüm, şərab, sirkə, araq, konyak, likör, şərab əsaslı kokteyllər, oynaq içkilər, və s. kimi sənaye və tibbdə geniş istifadə edilir.
Daha sonra təlimçi yeni üzümlüklərin salınması zamanı nələrə diqqət etmək lazım olduğunu bildirib və çiçəkləmə dövründə təbii risklərinin olmasından bəhs edib. Çiçəkləmə dövründə müşahidə edilən güclü və isti küləklər, intensiv davam edən yağışlar, aşağı (15ºC-dən aşağı) və yüksək temperatur (30ºC-dən yuxarı), həddən artıq günəş işığı ilə işıqlanma və s. çiçəkləmənin və mayalanmanın normal getməsinə mənfi təsir edir, göbələk xəstəliklərinin güclü inkişafına münbit şərait yaradır və sonda məhsuldarlıq kəskin aşağı düşür. Təlim iştirakçıların suallarının dinlənilib cavablandırılması ilə yekunlaşıb.