Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ÜŞETİ) milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi məqsədilə itmək təhlükəsi olan yerli üzüm sortlarının sürətli üsullarla artırılması və istehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi üçün yerli üzüm sortlarının aşkar olunub toplanması, qorunub saxlanılması istiqamətində tədqiqat işləri davam etdirilir. Tədqiqatlar nəticəsində institutun mütəxəssisləri tərəfindən 25-ə qədər yerli üzüm sortu kolleksiyaya daxil edilib. Bununla əlaqədar olaraq institut əməkdaşları tərəfindən respublikanın müxtəlif regionlarındakı köhnə üzüm bağlarında, fermer, ailə kəndli və ev təsərrüfatlarında üzüm sortları müəyyən edilir.
ÜŞETİ yerli üzüm sort və formalarının genetik müxtəlifliyinin müasir üsullarla öyrənilməsi məqsədilə Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutu ilə elmi əməkdaşlıq barədə müqavilə imzalayıb. Müqaviləyə əsasən üzümün molekulyar-genetik, ampelo və fenotipik deskriptorlarla, biokimyəvi və s. analizləri birgə əməkdaşlıq üzrə həyata keçirilir.
Qeyd edək ki, Azərbaycanın üzümçülük bölgələrində aşkar olunmuş və bu günə qədər elmi əsaslarla öyrənilməyən nadir 77 yerli genotipi bağlanılmış müqavilələr əsasında Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutuna göndərilib.
Həyata keçirilən bütün tədqiqatlar gələcəkdə əkin materialı tədarük edilməsi məqsədilə aparılır.