İyunun 25-də Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti AMEA Polimer Materialları İnstitutunda olub.
Görüşdə ÜŞETİ-nin direktoru s.i.e., a.e.d., dosent Vüqar Səlimov çıxış edərək rəhbərlik etdiyi qurumda aparılan elmi-tədqiqat istiqamətləri haqqında məlumat verib.
Müzakirələrdən sonra ÜŞETİ ilə AMEA Polimer Materialları İnstitutu arasında qarşılıqlı elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni KTN-nin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru s.i.e., aqrar elmlər üzrə elmlər doktoru, dosent Vüqar Səlimov və AMEA Polimer Materialları İnstitutunun direktoru, kimya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov imzalayıblar.
Müqavilə üzümçülükdə xəstəlik və zərərvericilərə qarşı yeni səmərəli preparatların hazırlanması və sınağı üzrə birgə tədqiqatların aparılması, təbii maddələri modifikasiya etməklə funqisid, insektisid və digər fəallıq göstərən vasitələrin alınması, bioloji fəallıqlarının öyrənilməsi, sonrakı mərhələdə ortaq elmi layihələrin gerçəkləşdirilməsi və digər sahələrdə qarşılıqlı fəaliyyətə dair məsələləri özündə əks etdirir.
Üzümlüklərin xəstəlik və zərərvericilərdən mühafizəsinə sərf edilən kimyəvi preparatlar xaricdən alındığından baha başa gəlir və milli valyutanın xaricə axmasına səbəb olur. Ona görə də, üzümün becərilmə texnologiyasının təkmilləşdirilməsi, üzümlüklərin mühafizəsi sahəsində yeni dərman preparatlarının respublikada istehsalının təşkili, tətbiqi, yayılması, kimyəvi preparatlara olan tələbatın yerli istehsal hesabına ödənilməsi olduqca vacibdir.
Qeyd edək ki, görüşdə ÜŞETİ-nin istehsalat üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Rauf Əsədullayev, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Mövlud Hüseynov, AMEA Polimer Materialları İnstitutunun “Heterotsiklik birləşmələr” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Məhruzə Şatirova və başqaları da iştirak ediblər.