Üzümçülük və Şərabçılıq ET insitutunda ardıcıl seminarlar davam edir. 23.01.2025-ci il tarixdə İnstitutun “Üzümün saxlanması, qurudulması və təkarar emalı” laboratoriyasının böyük elmi işçisi Asya Muradovanın “Təzə və quru üzümün insan orqanizminə faydaları” mövzusunda seminarı baş tutdu. Seminarda ilk öncə məruzəçi üzümçülüyün tarixi və müasir vəziyyəti, üzümün kimyəvi dəyəri və qidalılıq dəyəri, botaniki növləri və sortları, texniki və qurutmaq üçün nəzərdə tutulan üzüm sortlarının texnoloji səciyyəsi və üzümün qablaşdırılması, müxtəlif şəraitdə saxlanılması və keyfiyyət ekspertizası haqqında məlumat verdi. Daha sonra, üzümün iki cür qurudulmasından danışdı (süni və təbii yolla).
Aftobi üsulu açıq havada günəş altında qurudulma üsulunun ən sadəsidir. Bu üsul zamanı üzüm əvvəlcədən heç bir emaldan keçmir, hər hansı bir müdaxilə baş vermir. Tezyetişən üzüm sortları əkilən rayonlarda yağışlar yağmağa başlayana qədər üzümü qurutmağa imkan verir. Bu üsulla əsasən qara kişmiş, az miqdarda ağ kişmiş və tezyetişən mövüc sortları qurudulur.
Obdjuş üsulu daha geniş yayılmış üsuldur. Üzüm qurudulmağa verilməzdən əvvəl qələvi məhlulunda pörtülür. Xişrau, Sultani, Ağ kişmiş, Soqdiana, Zərəfşan, Sarı kişmiş, Novrast tətbiq edilir. Təbii üsulla qurutmanın üstünlüyü böyük maddi texniki baza sərf olunmadan icra edilməsidirsə, mənfi cəhəti üzümü atmosfer çöküntülərindən və çirklənmədən qorumağın mümkünsüzlüyüdür. Yüksək keyfiyyətli məhsul əldə etmək üçün rəngli üzüm sortlarını ştabel və ya kölgə üsulu ilə qurudurlar. Eyni zamanda üzümün qədim üsullarından biri soyuqxanalarda qurudulma metodundan da danışılıdı. Texnologiyanın inkişafı ilə əlaqədar olaraq süni üsulla qurudulma təkmilləşdirilmiş, 80% meyvələr bu üsulla qurudulur. Üzümün süni üsulla qurudulması iqlim şərtlərindən asılı olmayıb bütün üzümçülük rayonlarında tətbiq edilir. Kombinləşmiş üsulla üzümün qurdulması isə ən səmərəli və effektli üsul hesab edilir, çünki burada günəş şüasından istifadə etməklə aparılan təbii qurutma süni qurutma ilə uyğunlaşdırılır.