Aqrar İnnovasiya Mərkəzinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Kənd təsərrüfatında innovativ sahibkarlıq üçün bacarıqların artırılması” proqramının açılış konfransı keçirilib. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Özəl sektorun inkişafı və peşə təhsili və təlimi layihəsinin rəhbəri Yuliya Bajenova, həmçinin nazirliyin aidiyyəti qurumlarının rəhbərləri iştirak edib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov dövlət-özəl sektor əməkdaşlığı və gənclərin aqrar sahibkarlığa marağının artırılması, lahiyənin mahiyyəti və aqrar sahəyə verə biləcəyi töhfədən bəhs edib. Konfrans çərçivəsində kənd təsərrüfatının müxtəlif sektorlarında aqrar innovasiyaların rolu və dəstək mexanizmləri ilə bağlı panel müzakirəsi keçirilib. Paneldə “Heyvandarlığın müasir problemləri və innovativ yanaşmalar”, “Aqrar innovasiyaların kənd təsərrüfatında rolu”, “Tərəvəzçilik sahəsində aqrar innovasiyaların tətbiqi” mövzularında təqdimatlar olub. Həmçinin, tədbirdə aqrar innovasiyaların təbliği məqsədilə bir sıra innovativ avadanlıqlar, o cümlədən aqrodron, aqro-robotlar və alternativ yem bitkiləri nümayiş edilib.
Qeyd edək ki, sözügedən proqramın əsas məqsədi aqrar innovasiyaların təşviq edilməsi, bu sahədə ideyası və layihəsi olan startap və sahibkarlara təlim və mentorluq xidmətlərinin göstərilməsi vasitəsilə biznes məsləhət xidmətlərinin inkişaf etdirilməsidir. Proqram çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin, həmçinin Nazirliyin aidiyyəti qurumlarından seçilmiş 20 nümayəndə “Layihələrin idarə edilməsi”, “Sahibkarlıq və startaplar”, “Biznes fəaliyyətləri və maliyyə”, “Təqdimat bacarıqları” mövzuları üzrə hazırlanan təlimlərlə bağlı tədbirlər planına uyğun olaraq Təlimçilərin Təliminə (ToT) cəlb ediləcək. Proqramı uğurla başa vuran nümayəndələr Azərbaycanın müxtəlif iqtisadi zonalarını təmsil edən və aqrar innovasiya platformasına təqdim edilən innovativ ideya müəlliflərinə təlimçi və mentor kimi dəstək göstərərək onların ideyalarının inkubasiya mərhələsinə daxil olmasına töhfə verəcək. İnkubasiya mərhələsinə daxil olmuş 20 ən yaxşı layihə seçilərək yekun mərhələdə iştirak etmək şansı qazanacaq.
Xatırladaq ki, “Kənd təsərrüfatında innovativ sahibkarlıq üçün bacarıqların artırılması proqramı” Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilən və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi” layihəsi çərçivəsində həyata keçirilir.