Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 16.04.2024-cü il tarixdə Üzümçülük və Şərabçılıq ET İnstitutunda Şamaxı, İsmayıllı, Qəbələ, Salyan, Cəlilabad, Tovuz, Samux, Göygöl, Şabran, Abşeron, Qazax, Zaqatala, Balakən, Qax, Quba, Xaçmaz, Şəmkir, Lənkəran, Kürdəmir, Goranboy (20 DAİM ) əməkdaşları və fermerlər üçün “ZOOM” proqramı vasitəsilə online təlim keçirilib.
Üzümçülük və Şərabçılıq ETİ-nin "Ampeloqrafiya, Seleksiya və Tinglik" şöbəsinin müdiri a.e.ü. fəlsəfə doktoru, dosent Afət Hüseynova (Üzümçülükdə yaz qayğıları) adlı təqdimatı ilə çıxış edib.
İlk öncə üzümü yaz şaxtalarından necə qorumaq haqqında məlumat verib.Təlimçi qeyd edib ki, yaz şaxtalarının qorxusu olan yerlərdə sahənin relyefindən asılı olaraq qurşaq yolları boyu, üzvi qalıqlar, taxta kəpəyi və s. tüstü verən başqa materiallardan tığlar düzəldilir, müşahidəçilər müəyyən olunaraq şaxta qorxusu olan günlərdə həmin tığlara od vuraraq yandırılır. Çalışmaq lazımdır ki, əməliyyatlar sahənin çökək olan yerlərində daha keyfiyyətli aparılsın. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır: təbiət hadisələri o, cümlədən təbii fəlakətlər yanğın, yoluxucu xəstəlik və zəhərlənmələr və s.
Eyni zamanda təlimdə Azərbaycanda mövcud olan xarici sortlar haqqında da məlumat verilib. Bildirilib ki, bu sortlar Azərbaycan şəraitində yeni olduğundan fermerlər onun becərilmə texnologiyası və mühafizəsi sahəsində çətinliklər çəkirlər. Ona görə də bu sortların becərilmə texnologiyası (forma verilmə, quru və yaşıl budama, yük normaları, gübrələrə tələbatları, xəstəlik və zərərvericilərə həssaslıqları, yerli şəraitdə adaptasiya qabiliyyətləri və s.) elmi əsaslarla öyrənildikdən sonra onların müəyyən bir bölgədə əkilib becərilməsi məsləhətdir.
Təlimin sonunda dinləyicilərə müraciət olunub, verilən suallar cavablandırılıb.