Üzümçülüklə məşğul olan fermerlər üçün təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən 2021-ci il 17 dekabr tarixdə Siyəzən rayonunda üzümlük bağının ərazisində fermerlər üçün "Üzümlüklərdə yüksək məhsuldarlığın təməli quru budama texnologiyasından asılıdır" mövzusunda təlim təşkil edilib.

Təlimdə bildirilib ki, üzüm məhsulunun həcminə və keyfiyyətinə təsir göstərən mühüm aqrotexniki tədbirlərdən biri budamadır. Əsas vəzifə kolların böyüməsini və məhsuldarlığı nizamlamaqdır ki, hər il müntəzəm olaraq konkret şəraitdə keyfiyyətli və bol məhsul almaq mümkün olsun. Noyabrda üzümlüklərdə yarpaqlar töküləndən 15-20 gün sonra (noyabrın 15-20-dən sonra) budama işlərinə başlanılmalıdır. Respublikanın aran rayonlarında budamanı yarpaqların tökülməsindən 15-25 gün sonra– noyabr ayının ikinci yarısında başlayıb (yarpaqların tökülməsini nəzərə almaqla), fevral ayının axırlarına qədər qurtarmaq lazımdır. Payızda yarpaqlar töküləndən yazda tumurcuqlar şişməyə başlayana qədər tənəyin birillik zoğlarında maksimum miqdarda ehtiyat plastik qida maddələri olur. Yarpaqlar töküləndən sonra plastik qida maddələri birillik zoğlardan tənəyin çoxillik hissələrinə və köklərinə axaraq ehtiyat qida maddələri şəklində toplanır. Ehtiyat qida maddələrinin bu hərəkəti yarpaqlar töküləndən 15-20 gün sonra dayanır. Bundan sonra budamaya başlamaq olar.

Birinci budama payızda, tənəklər torpaq altına basdırılmamışdan əvvəl aparılır. Bu zaman ancaq uzun zoğlar qısaldılır. Lazımsız və yetişməmiş zoğlar kəsilərək kənar edilir ki, tənək torpağa basdırılsın və yazda torpaqdan asan, zoğlar zədələnmədən çıxarılsın.

İkinci budama isə yazda, tənəklər torpaq altından çıxarılandan sonra aparılır. Tənəklərin budanması ilə yanaşı, çubuq tədarükünə də başlanılmalıdır. Bunun üçün aprobasiya və kütləvi seleksiya aparılmış standart sort sahələrində ilk növbədə nişanlanmış qarışıq sortlar və mənfi xassəli, məhsulsuz, azməhsuldar, xəstəliyə tutulmuş tənəklər budanır, zoğlar cəgələrarasından çıxarılıb yandırılır. Bundan sonra yerdə qalan təmiz sortlu və məhsuldar tənəklər budanaraq çubuq tədarük edilir.

Budama zamanı çubuqların buğumların normal uzunluqda olması vacibdir. Çox qısa və çox uzun buğumarasına malik olan zoğlardan bar budaqlarının və əvəzedici çiliyin saxlanılması məqsədəuyğun deyil. Həmçinin budama zamanı birillik zoğların dib gözlərinin barvermə xüsusiyyətləri də nəzərə alınmalıdır. Çünki adətən ikillik zoğa çox yaxın olan 1-2 göz “kor gözlər” adlanır və onlardan çıxan zoğlar barsız olur. Ona görə də budama zamanı bu gözcüklər göz sayında nəzərə alınmır.

Təlim zamanı qeyd edilən məsələlər praktiki olaraq yerinə yetirilərək göstərilib, rast gəlinən xəstəlik və zərərvericilərə qarşı görülən mübarizə tədbirlərin haqqında da məlumatlar verilib.