Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun “Aqrokimya” laboratoriyasının əməkdaşları tərəfindən Ampeloqrafik Kolleksiya bağında mövsümə uyğun olaraq müxtəlif gübrələmə fonunda becərilən üzüm sortlarının tənəklərinin inkişaf və boyatma, zoğların böyümə, yetişmə və tədarük xüsusiyyətlərinin öyrənilməsi işləri həyata keçirilib. Üzümün birillik zoğlarının inkişaf və böyüməsi bir çox amillərdən, o cümlədən gübrələmədən çox asılıdır. Belə ki, zoğların və qışlayan tumurcuqların şaxtaya davamlılığı üzüm sortlarının növbəti ildəki məhsuldarlığı, habelə əkin materialının keyfiyyəti oduncağın yetişmə dərəcəsindən və zoğun şərti yetmə əmsalından əhəmiyyətli dərəcədə asılıdır. Tədqiqat zamanı müxtəlif üzüm sortlarının tənəklərinin böyümə gücü, zoğlarının yetişmə səviyyəsi müasir üsullar ilə müəyyən edilir. Bu üsul ilə, zoğun və özəyin en kəsiyinin sahəsi, yetişmə dərəcəsi təyin olunmuşdur. Üzümün qışlayan gözcüklərinin embrional məhsuldarlığı zoğun yetişmə dərəcəsinə görə təyin edilir. Zoğun yetişmə dərəcəsi yaxşı yetişən zoğlarda 1-ə daha yaxın olur və əhəmiyyətli sayılır. Tədqiqat zamanı məlum olmuşdur ki, gübrə tətbiq edilən bütün variantlarda nəzarətə nisbətən tənəklərin inkişafı, boyatması, böyümə gücü, zoğların yetişmə dərəcəsi və yetişmə əmsalı, əkin materialı üçün çubuq çıxımı və s. göstəricilər yüksək olmuşdur.





