Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu Astara rayonunda keçirilən ilin yekun Aqrar İnnovasiya Festivalında iştirak edib

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu Astara rayonunda keçirilən ilin yekun Aqrar İnnovasiya Festivalında iştirak edib

Astara rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən təşkil olunmuş ilin yekun Aqrar İnnovasiya Festivalı keçirilib. Tədbirin məqsədi Aqrar innovasiyaların kənd təsərrüfatı məhsul istehsalçılarına əlçatanlığın təmin edilməsi, təbliği və təşviqinin həyata keçirilməsindən ibarət olub.

Festivalda Kənd Təsərrüfatı Nazirliyinin elmi tədqiqat institutları, tabeli qurumları, aqrar sahə üzrə fəaliyyət göstərən bir sıra yerli və xarici şirkətlər öz innovativ məhsul, avadanlıq və texnologiyalarını nümayiş etdiriblər. “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsinin ilkin nəticələrinin müzakirəsi ilə bağlı dəyirmi masa keçirilib. Dəyirmi masada elmi-tədqiqat institutlarının və aqrar sahənin müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkət rəhbərlərinin iştirakı ilə çayçılıq, subtropik meyvəçilik və çəltikçiliyin istehsalı və emalı ilə bağlı məsələlər müzakirə edilib. Festival ərzində regionlarda yaşayan gənclərin aqrar sahəyə marağının artırılması məqsədilə “Kənd təsərrüfatı sahəsində ideya sahiblərinə startap qurmağın əsasları” mövzusunda stimullaşdırıcı “workshoplar” təşkil edilib.

Aqrar innovasiyaların kənd təsərrüfatı məhsul istehsalçılarına əlçatanlığının təmin edilməsi məqsədilə il ərzində Aqrar İnnovasiya Mərkəzi tərəfindən ölkənin müxtəlif bölgələrində innovasiya festivalları keçirilib. Gəncə, Şəki, Füzuli, Lənkəran, Quba, Ucar, Qobustan, Ağstafa, Zaqatala, İmişli və Şəmkir rayonlarında təşkil olunan bu festivallarda minlərlə fermer müxtəlif kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiyalar ilə tanış olmaq imkanı əldə ediblər.

Festivalda Üzümçülük və Şərabçılıq ET İnstitutu tərəfindən üzümdən hazırlanan müxtəlif növlərdə olan kompot və şərabları, üzüm yağı, qurudulmuş kişmiş növləri, üzüm yarpaği , sirkəsi, bəhməz, abqora, üzüm tingləri, buklet və kitabçalar nümayiş olunub.