ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ ELMİ TƏDQİQAT İNSTİTUTUNDA ONLAYN TƏLİMLƏIR DAVAM EDİR

18.11.2021-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun "Üzümün aqrotexnikası" şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Azər Şükürovun "Üzümlüklərdə yüksək məhsuldarlığın təməli quru budama texnologiyasından asılıdır" mövzusunda onlayn telimi keçirilib. Təlim 20 DAİM ( Şamaxı, İsmayıllı, Qəbələ, Salyan, Cəlilabad, Tovuz, Samux, Göygöl, Şabran, Abşeron, Qazax, Zaqatala, Balakən, Qax, Quba, Xaçmaz, Şəmkir, Lənkəran, Kürdəmir, Goranboy) əməkdaşlarının iştirakı ilə təşkil olunub.

Üzüm məhsulunun həcminə və keyfiyyətinə təsir göstərən mühüm aqrotexnik tədbirlərdən biri budamadır. Onun əsas vəzifəsi kolların böyüməsini və məhsuldarlığını elə nizamlamaqdır ki, hər il müntəzəm olaraq konkret şəraitdə keyfiyyətli və bol məhsul almaq mümkün olsun. Noyabrda üzümlüklərdə yarpaqlar töküləndən 15-20 gün sonra (noyabrın 15-20-dən sonra) budama işlərinə başlanmalıdır. Respublikanın aran rayonlarında budamanı yarpaqların tökülməsindən 15-25 gün sonra– noyabr ayının ikinci yarısında başlayıb (yarpaqların tökülməsini nəzərə almaqla), fevral ayının axırlarına qədər qurtarmaq lazımdır. Payızda yarpaqlar tökülənə qədər və yazda tumurcuqlar şişməyə başlayan zaman tənəyin birillik zoğlarında maksimum miqdarda ehtiyat plastik qida maddələri olur. Yarpaqlar töküləndən sonra plastik qida maddələri birillik zoğlardan tənəyin çoxillik hissələrinə və köklərinə axaraq ehtiyat qida maddələri şəklində toplanır. Ehtiyat qida maddələrinin bu hərəkəti yarpaqlar töküləndən 15-20 gün sonra dayanır. Bundan sonra budamaya başlamaq olar.Birinci budama payızda, tənəklər torpaq altına basdırılmamışdan əvvəl aparılır. Bu zaman ancaq uzun zoğlar qısaldılır. Lazımsız və yetişməmiş zoğlar kəsilərək kənar edilir ki, tənək torpağa basdırılsın və yazda torpaqdan asan, zoğlar zədələnmədən çıxarılsın.İkinci budama isə yazda, tənəklər torpaq altından çıxarılandan sonra aparılır. Tənəklərin budanması ilə yanaşı, çubuq tədarükünə də başlanmalıdır. Bunun üçün aprobasiya və kütləvi seleksiya aparılmış standart sort sahələrində ilk növbədə nişanlanmış qarışıq sortlar və mənfi xassəli, məhsulsuz, azməhsuldar, xəstəliyə tutulmuş tənəklər budanır, zoğlar cəgələrarasından çıxarılıb yandırılır. Bundan sonra yerdə qalan təmiz sortlu və məhsuldar tənəklər budanaraq çubuq tədarük edilir.