Tənəklərdə yaşıl əməliyyatlar vegetasiya ərzində davam etdirilməlidir: - Fermerlərə tövsiyə

8961Fee9cf1zRgSpW5c8EyoqIRTcWyGE3LFEL0HA.jpeg

Bütün mövsüm ərzində üzüm bağlarında müntəzəm olaraq aqronomik tədbirlər həyata keçirilir. İyun ayı üzümçülükdə aqrotexniki, aqrokimyəvi, bitki mühafizə tədbirləri, torpaq becərmələri və s. işlərin sıxlığı və çoxluğu ilə seçilən aylardandır. Bu ayda ən vacib tədbirlərdən biri də tənəyin yaşıl hissələrində aparılan əməliyyatlardır.

Bu tədbirlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsi bol və yüksək keyfiyyətli məhsulun alınmasını təmin edir. Bu əməliyyat tənəyin fəal vegetasiya dövründə aparıldığından bir çox fizioloji proseslərə böyük təsir göstərir.

Tənəyin yaşıl hissələri ilə aparılan əməliyyatlara yaşıl zoğların qoparıl­ması, yaşıl zoğların bağlanması, zoğların ucundan qoparılması, bicvurma, zoğların ucunun vurulması, çiçək salxımının qoparılması, çiçək qruplarının süni və əlavə tozlandırılması və s. aiddir.

Hazırda respublikanın üzümlüklərində gövdələrin haramı və pöhrə zoğlardan təmizlənməsi, yaşıl zoğların qoparılması (1-ci, 2-ci, 3-cü qoparma), bicvurma və s. işlər başa çatdırılıb. Lakin vegetasiya ərzində aqronomiq qaydalara uyğun olaraq bir sıra yaşıl əməliyyatlar davam etdirilməlidir. Belə ki, tənəyin becərildiyi şəraitdən və tənəklərin boyatma xüsusiyyətindən asılı olaraq bicvurma əməliyyatı davam etdirilməlidir. Tənəklərdə yaşıl zoğlardakı yarpaq qoltuğundan ikinci sıra zoğlar çıxır ki, buna bic zoğlar deyilir. Bu zoğların qoparılıb atılmasına bicvurma əməliyyatı deyilir. Bu zoğlardan məhsulvermə, çoxaltma, forma verilməsində, şaxta­dan zədələnmiş üzümlüklərin bərpasında istifadə edilir.

Bic zoğlar həm adi şəraitdə, həm də zoğların ucunun qoparılmasından sonra əmələ gəlir. Zoğların ucu qoparıldıqdan 7-10 gün sonra bic zoğlar inkişaf etməyə başlayır. Bicvurma tənəyin işıqlanma və havalanma rejimini tənzim edir. Bununla da tənəkdə salxım və gilələr normal şəkərlilik toplayır, gilələr bərabər yetişir, xəstəlik və zərərvericilərlə sirayətlənmə xeyli azalır ki, bu da mübarizə işini asanlaşdırır. Torpaq-iqlim şəraitindən, sortun bioloji xüsusiyyətindən, tənəyin yükündən asılı olaraq bicvurma bir neçə dəfə aparılmalıdır. Birinci bicvurma çiçəkləmədən 3-5 gün qabaq (əgər bic zoğlar güclü inkişaf edibsə), ikinci bicvurma isə çiçəkləmədən təxminən 10-15 gün sonra aparılmalıdır. Münbit torpaqlarda və suvarma şəraitində yüksək boy gücünə malik olan sortlarda bic zoğlar təkrar əmələ gələ bilər. Bu halda onlar gilələrin yetişməsinə mane olacaqdır. Ona görə də təkrar bicvurma həyata keçirilməlidir.

Bicvurma zamanı bəzi qaydalara əməl edilməlidir. Belə ki, barlı zoğların üzərindəki bic zoğlar dibindən qoparılıb atılmalıdır. Əvəzetmə üçün seçilmiş zoğlarda 2-3 yarpaq saxlanıla bilər. Boy gücü zəif olan tənəklərdə çox isti və quru iqlimi olan rayonlarda bicvurma aparılmamalıdır. Belə ki, günəş şüalarının çox düşməsi nəticəsində salxım və gilələrdə yanıq əmələ gələ bilər.

Yaşıl zoğların bağlanması: Yaşıl zoğları qırılmaqdan qorumaq, onlara istənilən istiqamət verib şpa­lerdə bir bərabərdə yerləşdirmək, cərgəaralarının becərilməsini asanlaşdırmaq, xəstəlik və zərərvericilərə qarşı mübarizənin səmərəsini artırmaq, tənəyə nor­mal işıq düşməsini təmin etmək üçün zoğlar bağlanmalıdır.

Birinci yaşıl bağlama işi zoğlarda ucqoparma əməliyyatı ilə birlikdə zoğun uzunluğu 40-50 sm-ə çatdıqda, ikinci bağlama isə çiçəkləmədən 8-10 gün sonra, zoğlar üçüncü məftilə çatdıqda aparılır. Yaşıl zoğlar bir neçə üsulla (mexaniki və əl ilə) həyata keçirilə bilər və müxtəlif bağlama materiallarından istifadə edilir.

Ucvurma: Ucvurma zoğların böyüməsini dayandırmaq, salxımlara hava və işıq keçməsini asanlaşdırmaq, salxımların və zoğların yetişməsini sürətləndirmək və yaxşılaşdırmaq, qışlayıcı tumurcuqların formalaşması üçün şərait yaratmaq məqsədilə aparılır.

Ucvurmanın ən yaxşı vaxtı zoğların böyüməsinin zəiflədiyi dövrdür. Ucvurma adətən torpaq-iqlim şəraitindən, sortun bioloji xüsusiyyətlərindən asılı olaraq iyul ayının axırları, avqust ayının əvvəllərində aparılmalıdır. Ucvurma vaxtından əvvəl aparılmamalıdır. Vaxtından tez aparılan ucvurma biclərin güclü inkişafına səbəb ola bilər. Ucvurma bağ qayçısı və ya oraqvari bağ bıçaqları ilə aparılır.

Yarpaq alma, yaxud yarpaq qoparma: Nəmli və sərin bölgələrdə sıx əkilmiş üzüm bağlarında yarpaqlar üzüm salxımlarını kölgələyərək ona işıq düşməsinin qarşısını alır, gilələrin rəng alması və intensivləşməsi azalır. Hətta havalanma getmədiyindən göbələk xəstəliklərinin inkişafı intensivləşir. Bunların qarşısını almaq üçün salxımlara kölgə salan yarpaqlar qoparılır. Ancaq yarpaq qoparma elə aparılmalıdır ki, fotosintezin intensivliyi azalmasın.

Çiçək salxımları və salxımların seyrəldilməsi: Tənəkdə çiçəklər formalaşdıqdan bir qədər sonra (çiçəkləmədən xeyli qabaq), əgər tənəkdə həddən artıq çiçək inkişaf edərsə onların bir qismi qoparılıb atılır. İlk öncə xırda və zəif inkişaf edən çiçək topaları qoparılıb atılır. Çiçək qoparma tənəyin inkişaf qabiliyyətinə görə tənzimlənərək, hər bir zoğa düşən 1-4 salxım miqdarında saxlanılmalıdır. Üzüm çiçəkdən çıxdıqdan sonra normal formalaşmayan salxımların da qoparılması məqsədəuyğundur. Salxım seyrəltmə zamanı üzümdə normal inkişaf etmiş salxımları da qoparmaq olar. Bu daha keyfiyyətli və məqsədyönlü məhsulun alınması məqsədilə edilir.

Gilə seyrəltmə: Çox nadir rast gəlinən əməliyyatdır. Bu zaman salxımların uc hissəsindəki qanadlardan və gilələrin sıx olan yerindən gilələr qoparılır. Gilələr formalaşdıqdan sonra həyata keçirilir. Üzümdən xüsusi məqsədyönlü məhsulun alınması zamanı tətbiq edilir.

Çiçək və salxım qoparma, salxımın ucunun kəsilməsi və s. əməliyyatlar əsasən süfrə üzümçülüyündə tətbiq olunur. Burada məqsəd yetişdirilən üzümdən gözəl rəngə, yüksək əmtəəlik görünüşünə, dad keyfiyyətinə, irigiləyə və s. əlamətlərə malik məhsulun alınmasıdır.

Tənəklərdə yaşıl əməliyyatlar vegetasiya ərzində davam etdirilməlidir: - Fermerlərə tövsiyə Tənəklərdə yaşıl əməliyyatlar vegetasiya ərzində davam etdirilməlidir: - Fermerlərə tövsiyə Tənəklərdə yaşıl əməliyyatlar vegetasiya ərzində davam etdirilməlidir: - Fermerlərə tövsiyə Tənəklərdə yaşıl əməliyyatlar vegetasiya ərzində davam etdirilməlidir: - Fermerlərə tövsiyə Tənəklərdə yaşıl əməliyyatlar vegetasiya ərzində davam etdirilməlidir: - Fermerlərə tövsiyə Tənəklərdə yaşıl əməliyyatlar vegetasiya ərzində davam etdirilməlidir: - Fermerlərə tövsiyə