Mələyi sortu

Mələyi sortu

Azərbaycanın ən qədim texniki üzüm sortlarındandır. Sinonimi Mövüz, Ordusu, Qara urzadır. Sort şərq ekoloji-coğrafi qrupunun texniki sortlar yarımqrupuna (convar orentalist subconvar caspica Negr.) mənsubdur.

Yarpaqları orta ölçüdə (uzunluğu 14-18 sm, eni 13-16 sm), 5 dilimli olub, dəyirmi, yaxud oval formadadır. Yarpağın üst səthi torşəkilli qırışıqlıdır. Yuxarı kəsikləri orta dərinlikdə, yaxud dərin, bağlı olub, itidibli uçbucaqşəkilli, yumurtavari, tək-tək hallarda isə dar-ellipsvari formadadır. Yuxarı kəsiklər bəzən açıq olub, itidibli, dar ağızlı liraşəkilli formadadır. Aşağı kəsikləri dayaz, açıq olub, qayışşəkilli tək-tək hallarda isə girintili bucaq şəkilindədir. Dilimlərin ucundakı dişciklərin əsası enli olub, kümbəzşəkillidir. Kənar dişciklərin də əsası enli olub, kümbəzşəkilli, tək-tək hallarda isə iti uclu tərəfləri qabarıq uçbucaqşəkillidir. Saplaq oyuğu açıq olub, tağşəkilli yaxud liraşəkillidir.

Çiçəkləri ikicinslidir. Salxımları orta ölçüdə və iri (uzunluğu 12-20 sm, eni 10-14 sm), konusvari, silindrik-konusvari, qanadlı, tək-tək hallarda silindrik formada olub, sıx və ya seyrəkdir. Gilələri orta ölçüdə və iri (uzunluğu 15-21 mm, eni 13-18 mm), oval formada, simmetrik, tünd-göy və ya tünd-qırmızı rəngdədir. Giləsində 2-4 toxum vardır.

Gecyetişən texniki üzüm sortudur. Vegetasiya müddəti 152-162 gün arasında dəyişir. Abşeron şəraitində gilələri sentyabr ayının sonunda və oktyabr ayının I ongünlüklərində tam yetişir.

Tənəklərinin böyümə gücü yüksəkdir (266,8 sm). Zoğları yaxşı yetişir (88-96%). Çiçəkləri orta səviyyədə tökülür. Salxımlarında noxudlaşmış gilələr müşahidə edilmir. Sort Abşeron şəraitində əsas göbələk xəstəliklərinə qarşı davamsızlıq (4 -5 bal) nümayış etdirir.

Yüksək məhsuldar sortdur. Tənəyində barlı zoğların miqdarı 44,5%; salxımın sayı 20 ədəd; bar əmsalı 0,59; məhsuldarlıq əmsalı 1,33; salxımın orta kütləsi 342 qr-dır. Kolun məhsulu 6,6 kq, hektardan məhsuldarlıq 146,6 s/ha-dır.

Mələyi tipik texniki istiqamətlidir. Salxımlarının 82,6%-i şirədən, 10,8%-i qabıq və lətin qalığından, 3,6%-i daraqdan, 3,0%-i toxumdan ibarətdir. 100 gilənin kütləsi 280 qr, 100 toxumun kütləsi 6,4 qr-dır. Salxımda gilələrin orta sayı 162 ədəddir. Giləsində şəkərlilik 19,3 q/100 sm3, titrlənən turşuluq 5,8 q/dm3-dir.

Mələyi sortunun məhsulu müxtəlif növ şərabların (süfrə, desert və s.) hazırlanması üçün qiymətli mənbədir. Naxçıvan bölgəsi, o cümlədən respublikanın dağətəyi ərazilərində əkilib – becərilməsi üçün perspektivlidir.

Bir meyvə şəkili ola bilər