Əlvan sortu

Əlvan sortu

Azərbaycanın ən qədim sortlarından biridir. Şirvan bölgəsində, xüsusilə Ağsu və Ağdaş rayonlarında qədimdən əkilib becərilir.

Yarpaqları orta və iri olçüdə, dəyirmi formada olub, 5 dilimli, yaxud 3-5 dilimlidir. Üzəri tünd-yaşıl rəngdədir. Ayası düz, yaxud zəif dalğavaridir. Üzəri hamar, yaxud zəif qabarıqlıdır, tünd yaşıl rəngdədir. Yuxarı kəsikləri orta dərinlikə, bəzi hallarda dərindir, açıq, tək-tək hallarda ellipsvari formada, yaxudda darağızlı liraşəkillidir. Formaca liraşəkillidir. Sortun tipik əlamətlərindən biri odur ki, əksər yarpaqlarda yuxarı kəsiklərin dibində dişcik vardır. Aşağı kəsikləri dayaz və ya orta dərinlikdədir. Açıq olub, girintili bucaqşəkilli, liraşəkilli, yaxud tərəfləri paralel qayışşəkillidir, dibi itidir. Saplaq oyuğu əsasən açıq olub, bəzi hallarda qismən örtülüdür. Oyğun forması oxvari, liraşəkilli, yaxud ellipsvaridir.

Dilimlərin ucundakı dişciklər tərəfləri zəif qabarıq üçbucaqşəkilli olub, xırda və orta ölçüdədir, kənar dişciklər isə mişarvaridir. Yarpağın alt hissəsi seyrək pambıqşəkilli tükcüklüdür. Saplağı əsas damardan qısadır. Açıq-yaşıl rəngdədir.

Çiçəyi ikicinslidir. Salxımları orta və iri ölçüdə (uzunluğu 14-24 sm, eni 9-12 sm), dar konusvar və konusvari formada olub, orta sıxlıqdadır. Saplağı qısa və orta uzunluqdadır. Salxımda gilənin miqdarı 75-106 ədəd arasında dəyişir. Salxımın orta kütləsi 240-330 qram, 100 giləsinin kütləsi isə 320-380 qram arasında dəyişir. Salxımda darağın payı 4-5% arasında, gilənin payı isə 94-95% arasında tərəddüd edir.

Gilə iri və çox iri (uzunluğu 22-30 mm, eni 15-18 mm), qısa ellipsvari (ampelodeskriptor OİV 223=3), bəzi hallarda isə uzunsov-ellipsvari (ampelo-deskriptor OİV 223=4) formada olub, rəngi qızılı-sarı, tam yetişdikdə isə açıq-çəhrayı, yaxud çəhrayı rəng alır. Dadı şirin və xoşagələndir. Ləti sıx və ətvaridir, zəif xırtıldayandır. Qabığı nazikdir, yeyildikdə hiss olunmur. Gilə görünüşcə simmetrikdir. Giləsində 1-2 toxumludur.

Toxumları iridir, uzunluğu 7,5-8,2 mm, eni isə 4,5-5 mm arasında dəyişir. Rəngi tünd şabalıdıdır. Toxun göbəkciyi hamardır. Dimdikciyi uzun və möhkəmdir, qırmızımtıl-qəhvəyi rəngrədir. Qarın çuxuru dayazdır, əksər hallarda hamardır. Toxum formaca armudvaridir. Qarın tikişi çox da qabarıq deyil.

Abşeron şəraitində vegetasiya müddəti 148-152 gün arasında dəyişir. Gilələri sentyabr ayının II ongünlüyündə tam yetişir. Tənəklərinin böyümə gücü yüksəkdir (228,6 sm). Zoğları yaxşı (84-88%) yetişir. Sort Abşeron şəraitində oidium və boz çürümə xəstəliyinə qarşı davamsızlıq (4 bal) nümayiş etdirir. Çiçəkləri orta səviyyədə və çox (49,5-78,2%) tökülür. Salxımlarında noxudlaşmış gilələr azlıq təşkil edir.

Çox yüksək məhsuldar sortdur. Tənəyində barlı zoğların miqdarı 74,0%; salxımların sayı 24-34 ədəd; zoğun bar əmsalı 0,60-0,72; barlı zoğun bar əmsalı 0,8-dir. Salxımların orta kütləsi 190,6-392,0 q, kolun məhsuldarlığı 5,6-11,0 kq, hektardan məhsuldarlıq 111,0-242,2 s/ha arasında tərəddüd edir. Giləsində şəkərlilik 17,0-19,2 q/100 sm3, titrlənən turşuluq 3,62-5,12 q/dm3 arasında dəyişir.

Ağ Dərbəndi sortundakı kimi zoğlarının ilk 3-5 gözcüyü az məhsuldar olduğuna və barlı tumurcuqların əsasən 5-10 gözcüklər arasında yerləşdlyini nəzərə alaraq, budama zamanı bar zoğlarnın uzun kəsilməsi məqsədə müvafiqdir. Sortun kordon, yelpik və çardaq sistemində yetişdirilməsi, tənəyinə əsasən çoxqollu (4-5 qollu) yelpik formasının verilməsi və bar zoğlarını uzun kəsməklə, 42-56 gözcük yükünün verilməsi məqsədəuyğundur. Şirvan və Abşeron bölgəsində çardaq və talvar sistemi ilə ən çox yetişdirilən sortlardan biridir. Bu sistemdə yelpik və kordon formasındakı kimi budama aparmaq olar. Zoğdakı aşağıdakı gözcüklərin az barlı olmasına baxmayaraq, uzun illər qısa budama (3-5 gözcük) aparıldıqda, uyğunlaşma nəticəsində aşağı gözcüklərin barlılıq xüsusiyyəti artır və qənaətbəxş məhsul verir.

Sortun salxım və gilələrinin xarici görünüşü gözəldir. Təzə halda istifa-dəyə yararlıdır. Salxanmaya və daşınmaya davamlıdır. Sort Abşeron, Gəncə-Qazax bölgələri və Şirvan bölgəsinin düzən əraziləri üçün perspektivlidir.

Bir meyvə şəkili ola bilər