Daxili seminarlar davam edir

Kənd təsərrüfatının ənənəvi sahələrindən olan üzümçülüyün inkişafı istiqamətində Üzümçülük və Şərabçılıq ET institutunda daxili seminarlar davam edir. 03.11.2021-ci il tarixdə institutun direktoru a.e.d.dosent Vüqar Səlimovun “Üzümün seleksiyası: Yeni üzüm sortlarının yaradılma texnologiyası” mövzusunda təlimi keçirildi. Təlimçi ilk öncə üzümün böyük həyat tsikli, embrional mərhələ, üzümün məhsuldar dövrü, üzümdə yuvenil dövr, tənəyin qocalma mərhələsi haqqında fotoşəkillər təqdim etməklə ətraflı məlumat verdi. Respublikamızda üzümün seleksiya işinin istiqamətlərinin müxtəlifliyi üzrə konkret tapşırıqlar nəzərədə tutulmuşdur ki, bu da üzümün seleksiyası qarşısında duran əsas məsəslələrdir. Onlardan Respublikada şampan şərabının istehsalı üçün texniki üzüm sortları həddən artıq məhdud olmasını, qırmızı şərabların hazırlanması üçün qara giləli texniki üzüm sortları lazımi qədər olmamasını, respublikamızın müxtəlif ekoloji-coğrafi bölgələrində uğurla becərilə bilən, əhalini və emal müəssisələrini uzun müddət təzə üzümlə və xammalla təmin etmək üçün kompleks təsərrüfat əhəmiyyətli xüsusiyyətləri ilə seçilən ən tez, tez, gec və çox gec yetişən yeni üzüm sortlarının yaradılmasına xüsusi ehtiyac duyulduğunu göstərə bilərik. Daha sonra Üzümün klon seleksiyasında vegetativ dəyişkənliklərinin rolunun böyük olması ətrafında müzakirələr aparılıdı. Daxili seminarlar maarifləndirici xarakterli olduğundan əksər seminarlar zamanı bilikləri dərinləşdirmək məqsədilə toxumun morfologiyası və anatomiyası, irsi xüsusiyyətləri haqqında olan məlumatlar yenidən vurğulanır. Bu seminar zamanı da təlimçi dərin araşdırmaları üzərinə yeni fakt və məlumatları sxemlər üzərindən dinləyicilərin, gənc kadrların diqqətinə çatdırdı. Seminarda tozlanma və tozcuqların toplanması, tədarükü və tozlamada istifadəsi metodları haqqında da izahlar verildi. Təlim geniş mövzunu əhatə etdiyinə görə sonda ümumi seleksiya prosesləri ilə bağlı diskusiya təşkil edildi, gənclərə maraqlı və qaranlıq olan məsələlərə, problemlərə aydınlıq gətirildi.