Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün “Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun 2021-ci il üzrə mühüm elmi nəticələri” mövzusunda ZOOM proqramı vasitəsilə onlayn təlimi olub

23.02.2022-ci il tarixdə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru a.e.d., dosent Vüqar Səlimovun Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün “Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun 2021-ci il üzrə mühüm elmi nəticələri” mövzusunda ZOOM proqramı vasitəsilə onlayn təlimi olub. Təlimçi tələbələr üçün maraqlı ola biləcək məsələlərə toxundu. İlk öncə İnstitutun yaranma tarixi haqqında məlumat verdi. H.Əliyevin şəxsi göstərişi ilə Respublikada üzümçülük və şərabçılıq sahəsinin inkşafı üçün imzalanmış sərəncamlar haqqında qısaca danışdı. Qeyd edildi ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu 1977-ci ilin mart ayından fəaliyyət göstərir, institutun əməkdaşları apardıqları elmi-tədqiqat işlərinin nəticələri barədə Beynəlxalq və Respublika səviyyəli konfrans və simpoziumlarda məruzə edir, tədqiqat işlərinin nəticələrini yerli və xarici mətbuatlarda məqalə şəklində nəşr etdirirlər. Eyni zamanda dinləyicilərin nəzərinə çatdırıldı ki, mütəxəssislər tərəfindən yerli və introduksiya olunmuş süfrə (o cümlədən kişmişi) üzüm sortlarının morfometrik parametrləri və aqrobioloji göstəriciləri müqayisəli şəkildə tədqiq olunur. Məruzəçi daha sonra İnstitutun şöbələrinin, Təcrübə Stansiyalarının və Dayaq Məntəqələrinin qısa hesabatlarından, laboratoriya işləri və fermerlərlə keçirilmiş təlimlərindən məlumat verdi. Təlim tələbələrin suallarının dinlənilib cavablandırılması ilə yekunlaşdırıldı.