Таможенные платежи

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən idxal-ixracla bağlı aşağıdakı növ gömrük ödənişləri müəyyənləşdirilib.

Gömrük rüsumları

Azərbaycan Respublikasında gömrük rüsumları əsasən idxal olunan, eləcədə bəzi ixrac olunan məhsullar üçün müəyyənləşdirilib. Gömrük rüsumlarının 3 növü mövcuddur: advalor, spesifik və kombinə edilmiş. Advalor rüsum malların gömrük dəyərinə görə faizlə hesablanan (məs. gömrük dəyəri 1000 manat olan maldan 10 % rüsum tutulduqda, gömrük rüsumu 100 manat olur) rüsum növüdür. Hazırda malların advalor rüsumları 7 dərəcədə müəyyənləşdirilib: 0, 0.5, 1, 3, 5, 10, 15. Ancaq hazırda gömrük rüsum dərəcələrinin 7-dən 3-ə (0, 10, 15) endirilməsi isrtiqamətində iş aparılır. Hazırda malların əksəriyyətinin idxal rüsumları advalor əsasda müəyyənləşdirilib. Spesifik rüsumlar isə malın gömrük dəyərinə görə deyil, malın çəkisinə görə rəqəmlə müəyyənləşdirilir (məs. 1000 kq 7 Dollar). Kompinə edilmiş rüsumlar isə həm advalor, həm də spesifik rüsumların müəyyənləşdirilməsi ilə təyin edilir (məs, 5 % + 1000 kq –a görə 15 Dollar ). Hazırda əmtəə nomenklaturasında kombinə edilimş rüsumlar mövcud deyil.
Malların gömrük rüsumları beynəlxalq sistemə uyğun olaraq hazırlanmış və 10 mindən artıq malı əhatə edən xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturunda (XİF ƏN) öz əksini tapmışdır. Harmonik sistem (HS) adlandırılan əmtə nomenklaturunda malların gömrük rüsumu həmin mal üçün verilmiş kod əsasında təyin edilir. XİF ƏN kodu 10 rəqəmli olmaqla özündə aşağıdakıları əks etdirir (konkret malın timsalında).

XİF ƏN kodu

Mal mövqeyinin təsviri

Ölçü vahidi

Gömrük rüsumu

2009 80 710 0

----- albalı və ya gilas şirəsi

-

15

Burada:
20 – qrupu (Tərəvəzlərin, meyvələrin, qoz - fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları),
2009 - mal mövqeyi (Meyvə şirələri (üzüm şirəsi daxil olmaqla) və tərəvəz şirələri, qıcqırdılmamış və tərkibində spirt əlavəsi olmayan, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə və ya edilməməklə),
1009 80 – yarım mövqeyi (digər tərəvəz və ya meyvə şirələri),
1009 80 71 – alt yarım mövqe
1009 80 71 00- malın adı (albalı və ya gilas şirəsi)

Bəzi mallar idxal zamanı gömrük rüsumundan azad edilir ki, bu mallar Nazirlər Kabinetin 1998-ci il 91 saylı qərarı ilə müəyyənləşdirilir.

İxrac olunan malların əksəriyyəti üçün bütün dünya ölkələrində olduğu kimi Azərbaycan da da ixrac gömrük rüsumları nəzərdə tutulmayıb. Lakin, ölkədə mövcud olan xammalın ölkə daxilində istifadə olunmasını stimullaşdırmaq məqsədilə qara və əlvan metal qırıntıları və tullantıları üçün ixrac gömrük rüsumları nəzərdə tutulmuşdur. Spesifik növ olmaqla müəyyənləşdirilən bu rüsumlar Nazirlər Kabinetinin 2002-ci il 80 saylı Qərarı ilə təsdiqlənmişdir ki, onlarında miqdarı 1000 kq qara və əlvan metal üçün 5-7 Dollardır. Ancaq Prezidentin 2001-ci il 457 nömrəli fərmanı ilə qara və əlvan metal qırıntılarının və tullantılarının ixracı qadağa olunduğundan bu rüsumların tətbiqi mümkün olmur.

Əlavə dəyər vergisi (ƏDV)

Azərbaycana idxal və ixrac olunan mallardan Əlavə dəyər vergisi (ƏDV) tutulur. Hazırda ƏDV-nin dərəcəsi 18 %-dir. ƏDV-nin tutulması üçün baza kimi malın gömrük dəyəri, gömrük rüsumu, yığımı və digər ödənişləri məcmusu götürülür, yəni ƏDV həmin məbləğlərin cəminin 18 % - olaraq tutulur. Məsələn, 1000 manat gömrük dəyəri olan malın rüsumu 10 % olduqda, eləcədə 10 manat yığım tutulduqda ƏDV aşağıdakı kimi hesablanır.

ƏDV = (1000+100+10)x18/100=199.98AZN

Nazirlər Kabinetinin 2005-ci il 11 saylı Qərarına və Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən bəzi məhsullar idxal olunan zaman ƏDV-dən azad edilib.

Gömrük rəsmiləşdirilməsinə görə alınan yığımlar.

Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən idxal-ixrac olunan mallar gömrük rəsmiləşdirilməsindən (malın müəyyən rejimdə sərhəddən keçirilməsi üçün zəruri sənədlər təqdim edilməsi və gömrük orqanları tərəfindən baxılaraq icazə verilməsi) keçərkən gömrük orqanlarının rəsmiləşdirmə xidmətinin müqabilinə yığım tutulur. Yığımların miqdarı aşağıdakı kimidir:

Gömrük rəsmiləşdirilməsinə görə yığımlar

Məbləğ

  • Gömrük rəsmiləşdirilməsi yığımları (idxal və ixrac)
  • Gömrük dəyəri 1000 Manata qədər olduqda

10 Manat

  • Gömrük dəyəri 1001 Manatdan 10000 Manata qədər olduqda

50 Manat

  • Gömrük dəyəri 10001 Manatdan to 100000 Manata qədər olduqda

100 Manat

  • Gömrük dəyəri 100001 Manatdan yuxarı olduqda

275 Manat

  • Aşağıdakıların gömrük rəsmiləşdirilməsi zamanı hər bir ilk gömrük bəyannaməsi üçün:
  • Mənfəət karbohidrogenlərinin neft kəmərləri vasitəsilə ilk ixracı
  • Dövlət zəmanətli kreditlərlə alınmış uçuş aparatlarının idxalı
  • Pasport və şəxsiyyət vəsiqəsi blankları
  • Məqsədli neft – qaz fəaliyyəti ilə bağlı avadanlıq və materialların ixracı.

275 Manat

  • Tranzit gömrük rejimi altında keçirilən malların gömrük rəsmiləşdirilməsi

30 Manat

  • Gömrük rəsmiləşdirilməsinə görə yığım (iş vaxtından kənar vaxtlarda və iş yerindən kənarda)

İki qat
gömrük yığımı

  • Gömrük bəyannamələrinin hər əlavə vərəqinə görə

10 Manat

  • Hər əlavə tranzit yük bəyannamələri üçün

10 Manat

  • Nəqliyyat vasitələrinin qeydə alınmasına üçün vəsiqə verilməsinə görə

20 Manat

Aşağıdakı hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhəddini keçərkən gömrük yığımına cəlb olunmurlar.

  • Qrant haqqında müqaviləyə (qərara) əsasən qrant kimi alınan maddi yardımlar;
  • Humanitar yardımlar;
  • Texniki yardımlar;
  • Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi və onların heyət üzvlərinin şəxsi istifadəsi üçün keçirilən mallar və nəqliyyat vasitələr;
  • Elektrik enerjisinin qarşılıqlı ötürülməsi;
  • Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kq-dan artıq olmayan mallar;
  • istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, beynəlxalq poçt göndərişlərində ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kq-dan artıq olmayan mallar;
  • qeyri rezident fiziki şəxslər (şəxsiyyəti təsdiq edən sənəddə iki təqvim ilindən yuxarı xarici ölkədə yaşadığı barədə müvafiq qeydlər olduqda) daimi yaşayış məqsədi ilə Azərbaycan Respublikasından keçib gedərkən) 20.000 ABŞ dollarına ekvivalent dəyər həcmində ailə üçün zəruri olan məişət əşyalarını özləri ilə gömrük sərhədindən keçərək, gömrük orqanlarına bəyan etməklə, müşayiət olunan baqajla və ya müşayiət olunmayan baqajla gətirildikdə (aparıldıqda);
  • zəruri ehtiyacların ödənilməsi üçün şəxsi əşyalar gömrük qaydalarına əməl etməklə, müvəqqəti olaraq gətirildikdə (aparıldıqda);
  • açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş malları (gətirilməsi və aparılması qadağan edilmiş mallardan başqa) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə.

Azərbaycanda əksər hallarda ixrac zamanı malın gömrük dəyəri kimi faktura dəyəri götürülür.

Gömrük qiymətləndirilməsi

İdxal və ixrac olunan mallardan gömrük rüsumları tutumaq məqsədilə malın gömrük dəyərini təyin edirlər. Çünki, malın gömrük dəyəri onun idxalçı ilə ixracatçı arasında bağlanmış müqavilədə göstərilən faktura dəyərindən əlavə malın daşınmasına, sığortasına, saxlanmasına, bir sözlə malın alıcıya gəlib çatmasına qədər ortaya çıxan bütün xərclər də daxil olmaqla müəyyənləşdirilir. Məsələn, malın idxalı zamanı onun faktura dəyəri 10.000 AZN olduğu halda, gömrük dəyəri 11000 AZN ola bilər və rüsum da bu məbləğdən tutulur. Qanunvericiliyə əsasən malın gömrük dəyərini mal gətirən gömrük dəyəri bəyənnaməsin doldurmaqla gömrük orqanlarına göstərir. Ancaq bəyənnaməçi tərəfindən bəyan edilmiş malın gömrük dəyərinin təyin edilməsinin düzgünlüyünü təsdiq edən məlumat yoxdursa, yaxud deklarantının təqdim etdiyi sənədlərin düzgün olmadığına əsas varsa, bu zaman sərhəd gömrük orqanı onda olan məlumatlar (o cümlədən eyni və eynicinsli malların qiymət barədə məlumatlar) əsasında gömrük dəyərinin müəyyən edilməsi üsullarını ardıcıl tətbiq edərək, bəyan edilmiş malın gömrük dəyərini təyin etmək üçün gömrük qiymətləndirməsi aparır.

İxrac olunan malların gömrük dəyəri onların alqı-satqı müqaviləsində bağlanmış ödənilmiş və ya ödənilməli olan faktura dəyəri ilə eynidir. Çünki, ixrac zamanı hələ digər xərclər yaranmadığından və ümumiyyətlə əksər hallarda mallardan ixrac rüsumu tutulmadığından, faktura dəyəri gömrük dəyəri kimi götürülür. Ancaq buna baxmayaraq ixrac zamanı faktiki dəyərə digər xərclərin (komissiyon, broker, qablaşdırma və s. xərclər) də nəzərə alınması qanunvericilikdə əks olunub
Gömrük Tarifi haqqında Azərbaycan Respublikasının Qanuna əsasən malların gömrük dəyəri aşağıdakı üsullardan biri ilə təyin edilir:

Sövdələşmə qiyməti üsulu.

Sövdələşmə qiyməti üsuluna əsasən malın gömrük dəyəri həmin malın ixrac olunması üçün satılarkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsasında müəyyən edilir. Ancaq alıcı ilə satıcı arasında razılaşdırılmış qiymətə aşağıdakılar da əlavə olunur:

  • Nəqliyyat xərcləri
  • Yükləmə, boşaltma və saxlama xərcləri
  • Sığorta xərcləri
  • Alıcının çəkdiyi xərclər
  • Təkrar satışdan əldə edilən gəlir
  • Qablaşdırma xərcləri və s.

Bu üsul dünyada və eləcədə Azərbaycanda ən geniş tətbiq edilən üsuldur. Ancaq bu üsulun tətbiqi mümkün olmadıqda ardıcıl olaraq digər üsullar tətbi olunur.

Eyni malların sövdələşmə qiyməti üsulu.

Eyni malların sövdələşmə qiyməti üsulundan istifadə olunduqda malın; gömrük dəyərinin müəyyən edilməsi üçün eyni malların sövdələşmə qiyməti əsas götürülür. Eyni mallar dedikdə, qiymətləndirilən mallarla hər cəhətdən eyni olan mallar başa düşülür, o cümlədən:

  • fiziki xüsusiyyətlərinə görə;
  • keyfiyyətinə və bazardakı nüfuzuna görə;

Eyni malların sövdələşmə qiyməti gömrük dəyərini müəyyən etmək üçün o vaxt əsas götürülür ki, bu mallar:

  1. a) Azərbaycan Respublikasına ixrac üçün satılsın;
  2. b) qiymətləndirilən malların idxalı ilə eyni və ya təxminən eyni bir vaxtda gətirilsin;
  3. v) qiymətləndirilən mallarla eyni kommersiya səviyyəsində və təxminən eyni miqdarda satılsın.

Aşağıdakı hallarda isə bu üsul tətbiq edilə bilməz:

  • qiymətləndirilən və müqayisə edilən mallar eyni bir ölkədə istehsal edilməyibsə;
  • həmin mallar eyni istehsalçı tərəfindən deyil, digər şəxs tərəfindən hazırlanıbsa;
  • malların layihələri, dizaynları, eskizləri, çertyojları Azərbaycan Respublikasında hazırlanıbsa.

Eyni cinsli malların sövdələşmə qiyməti üsulu.

Eynicinsli mallar dedikdə, bütün xüsusiyyətlərinə görə eyni olmasa da, onlara qiymətləndirilən mallarla eyni funksiyaları yerinə yetirmək imkanı verən oxşar xüsusiyyətlərə və tərkib materiallara malik olan və kommersiya baxımından bir-birini əvəz edə bilən mallar başa düşülür. Malların eynicinsli olması onların keyfiyyətinə, əmtəə nişanının olmasına və bazardakı nüfuzuna görə müəyyən edilir.

Dəyərin çıxılması üsulu.

Dəyərin çıxılması üsulu ilə gömrük dəyərinin müəyyən edilməsi qiymətləndirilən eyni və ya eynicinsli mallar Azərbaycan Respublikasının ərazisində öz ilkin vəziyyəti dəyişdirilmədən satıldıqda tətbiq olunur. Dəyərin çıxılması üsulu ilə malın gömrük dəyərini müəyyən etmək üçün mal vahidinin o qiyməti əsas götürülür ki, bu qiymətlə qiymətləndirilən malın gətirildiyi eyni və ya təxminən eyni tarixdə Azərbaycan Respublikası ərazisində qiymətləndirilən idxal edilmiş mallarla eyni və yaxud eynicinsli malların ən böyük məcmu miqdarı satıcı ilə əlaqəli olmayan sövdələşmə iştirakçısına satılsın.

Dəyərin toplanması üsulu.

Bu üsulmalın aşağıdakıların toplanması yolu ilə hesablanmış qiyməti əsas götürülür:

  • idxal edilən malların hazırlanmasında istifadə olunan materiallara, həmin malların istehsalına və ya digər emalına çəkilən xərclər və ya bunların dəyəri;
  • nəqliyyat, yüklənmə yerinədək sığorta xərcləri və dəyərləri və sairə;
  • Azərbaycan Respublikasına ixrac etmək məqsədi ilə ixrac ölkəsində istehsalçılar tərəfindən hazırlanan və qiymətləndirilən mallarla eyni sinif və ya növdən olan malların satışı zamanı adətən nəzərə alınan mənfəətə və ümumi xərclərə bərabər mənfəət və ümumi xərclərin həcmi.

Ehtiyat üsulu.

Yuxarıda qeyd edilən üsulların tətbiq edilməsi mümkün olmadıqda ÜTT-nin QATT Sazişinin prinsiplərinə uyğun olaraq digər vasitələrdən istifadə edərək malın gömrük dəyəri təyin olunur ki, buna da ehtiyat üsulu deyilir.

Malın mənşə ölkəsinin təyin edilməsi

İdxal-ixrac olunan mallara müxtəlif stimullaşdırıcı və məhsudlaşdırıcı tədbirlərin tətbiq edilməsi üçün malın hansı ölkəyə məxsus olmasını təyin etmək zəruridir. Bu məqsədlə də malın mənşə ölkəsi təyin edilir. Məsələn, Azərbaycanın mallarına ikitərəfli sazişə əsasən Rusiya ixrac zamanı gömrük rüsumu tətbiq olunmursa, bu halda Rusiya gömrük orqanları idxal olunan malların Azərbaycana məxsus olduğu haqqında dəlillərə malik olmalıdır. Belə olduqda Azərbaycanda Rusiyaya aparılan malın mənşə ölkəsi təyin edilir və mənşə sertifikatı verilir ki, bununla Rusiyanın gömrük orqanları istədikləri sübutu əldə etmiş olurlar və mala gömrük rüsumu tətbiq etmirlər.

Ümumiyyətlə malların mənşə ölkəsi təyin edilməsi aşağıdakı məqsədlər üçün həyata keçirilir:

Mallara aşağıdakı tarif preferensiyaların tətbiq edilməsi üçün

Mallara aşağıdakı məhdudiyyətlərin tətbiqi üçün:

  • İkitərəfli və çoxtərəfli
    sazişlərə əsasən malların
    idxal rüsumundan azad
    edilməsi və ya güzəştlərin
    tətbiqi;
  • GSP və GSP + proqramları
    çərçivəsində inkişaf etmiş
    ölkələrə idxal və s.
  • Kvotaların tətbiqi;
  • Tarif kvotalarının tətbiqi;
  • Qadağaların tətbiqi;
  • Qoruyuc tədbirlərin, anti
    dempinq və mühafizə
    rüsumlarının tətbiqi və s.

Qanunvericiliyə əsasən malın mənşəyi o ölkə hesab olunur ki, mal ya tamamilə həmin ölkədə istehsal olunsun və ya müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qalsın. Bir ölkədə tam istehsal olunmuş mallara aşağıdakılar aid edilir:

onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan

  • faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa);
  • onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları;
  • orada doğulub və bəslənilmiş heyvanlar;
  • həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar;
  • orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları;
  • dünya okeanında həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsulları;
  • həmin ölkədəki istehsalın və başqa əməliyyatların nəticəsi olan təkrar xammal və tullantılar;
  • həmin ölkəyə məxsus olan və ya onun icarəyə götürdüyü kosmik gəmilər vasitəsilə açıq kosmosda alınmış yüksək texnologiya məhsulları;

Azərbaycanda malların mənşə ölkəsinin təyini və mənşə sertifikatının verilməsi fəaliyyətini qeyd edilən prinsiplər əsasında İstehlak Bazarına Dövlət Nəzarəti Xidməti həyata keçirir.

Əgər malın istehsalında iki və daha çox ölkə iştirak edirsə, malın mənşə ölkəsi kifayət qədər emal meyarına uyğun olaraq müəyyən olunur. Müəyyən bir ölkədə malların kifayət qədər emalının meyarları aşağıdakılardır:

emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi;

  • malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən və ya etməyən istehsal-texnoloji əməliyyatların yerinəyetirilməsi;
  • advalor pay qaydası1 - istifadə olunmuş materialların dəyərinin və ya əlavə dəyərin göndərilən malın qiymətinin faizləmüəyyən edilmiş həddə çatması ilə əlaqədar malın dəyərinin dəyişməsi.

Deməli, Azərbaycana gətirilərək burada emal olunan mallar o halda Azərbaycan mənşəli hesab olunacaq ki, ya həmin malın əmtəə nomenklaturasındakı ilk 4 rəqəm səviyyəsində (məsələn, təzə pomidor gətirilərkən mal mövqeyi 07 02 olduğu halda ondan hazırlanan tomatın mal mövqeyi 20 02 –dir ki, bu malın mənşəsinin dəyişməsi deməkdir) dəyişiklik olsun, ya da malın gətirilməsi zamanı mövcud olan dəyərinin üzərinə onun emalı nəticəsində 50 %-dən çox dəyər gəlsin (məsələn, 1000 manatlıq gətirilən xammalın emalı nəticəsində onun dəyəri 1550 Manata yüksəlsin).
Mənşə ölkəsi təyin edilmiş mallara mənşə sertifikatı verilir ki, gömrük orqanları bu sertifikat əsasında mala müvafiq idxal rüsumun və digər tədbirləri tətbiq edirlər. Mənşə sertifikatının alınması proseduru haqqında müvafiq bölmədə məlumat verildiyindən burada təkrara yol vermirik.

Hazırda malın üzərinə gələn dəyər, advalor pay kimi 50 % +1 müəyyənləşdirib. Yəni, malın üzərinə bu qədər əlavə dəyər gəldikdə Azərbaycan mənşəli hesab olunur.