29.11.2022- il tarixdə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru a.e.d.dosent Vüqar Səlimovun "Üzümün birillik (odunlaşmış) zoğlarının ampelometrik, yetişmə xüsusiyyətləri və onların təyin edilmə üsulları" mövzusunda seminarı keçirilib.
Azərbaycanın qiymətli yerli üzüm sortlarının Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının ( OIV ) müasir protokol və üsullarına görə öyrənilib rəqəmsal təsvir edilməsi, üzüm sortlarının təyinedici əsas morfogenetik əlamətlərinin ayrı-ayrılıqda hər bir sort üçün tərtib olunması və beynəlxalq məlumat bazasında yerləşdirməsi məqsədilə araşdırmalar və maarifləndirici seminarlar davam edir. Üzümün birillik (odunlaşmış) zoğlarının ampelometrik, təsərrüfat texnoloji göstəriciləri və əhəmiyyəti olduqca böyükdür. Çünki sortların səciyyələndirilməsində və populyasiyadakı (sortdaxili) dəyişkənliyin müəyyən edilməsində zoğların botaniki və morfometrik əlamətləri, buğumlardakı yarpaqlar, biclər, qışlayıcı tumurcuqlar, çiçək qrupları və bığcıqlar mühüm rol oynayır.
Seminar zamanı təlimçi dərin araşdırmaları üzərinə yeni fakt və məlumatları sxemlər üzərindən dinləyicilərin və gənc kadrların diqqətinə çatdırıb. Sonda diskusiya təşkil olunub, mövzu ilə əlaqəli suallar verilib və cavablar müzakirəli şəkildə izah olunub.