Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Ampeloqrafik Kolleksiya bağında düzgün budama qaydalarını əyani şəkildə əks etdirən seminar keçirilib. "Üzümün aqrotexniksı" şöbəsinin müdiri Azər Şükürov üzüm bağında tənəklər üzərində budama apararaq onlara yelpik və kordon formaları verib.
Budama üzüm məhsulunun həcminə və keyfiyyətinə təsir göstərən mühüm aqrotexnik tədbirlərdən biridir. Budama zamanı çubuqların buğumaralarının normal uzunluqda olması vacibdir. Çox qısa və çox uzun buğumarasına malik olan zoğlardan bar budaqlarının və əvəzedici çiliyin saxlanılması məqsədəuyğun deyil. Həmçinin budama zamanı birillik zoğların dib gözlərinin barvermə xüsusiyyətləri də nəzərə alınmalıdır. Çünki, adətən ikiillik zoğa çox yaxın olan 1-2 göz “kor gözlər” adlanır və onlardan çıxan zoğlar barsız olur. Ona görə də budama zamanı bu gözcüklər göz sayında nəzərə alınmır.
Üzümdə quru budama iki şəkildə aparılır: 1)saf budama
- qarışıq budama
Saf budama: Tənəkdə bütün çubuqların eyni ölçüdə (gözcüyün sayı bərabər) budanmasıdır. Bu tip budama əsasən qısa kəsilmə zamanı tətbiq olunur.
Qarışıq budama: Bu zaman tənəklərin zoğları 4 və daha artıq və yanında isə 2 gözə kəsilmiş əvəzedici çilik olmaqla budanır. Belə budama zamanı dib gözlərin barvermə xüsusiyyəti ilə yanaşı, zoğların aşağı gözlərinin açılma xüsusiyyətləri də nəzərə alınmalıdır. Növbəti ildə barmaq kimi saxlanılan və üzərində birillik zoğlar olan zoğlar dibdən kəsilib atılır. Keçən ilki əvəzedici çilikdən əmələ gələn zoğlardan tənəyə yaxın olanı əvəzedici, o birisi isə bar zoğu kimi saxlanılır.