Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

vljLiX3YBGulCr9q98hW6ykiIjbRuJPcITbcIySP.jpg

Almaniyanın Geilweilerhof Üzümün Seleksiyası İnstitutu ilə əməkdaşlıq müqaviləsi çərçivəsində, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun (ÜŞETİ) direktoru Vüqar Səlimov, aparıcı elmi işçisi Ruhəngiz Məmmədova və aparıcı mütəxəssisi Sevinc Zeynalova Almaniya Federativ Respublikasının Siebeldingen şəhərində səfərdə olublar. 2019-cu ildə bağlanmış sözü gedən müqaviləyə əsasən, Geilweilerhof İnstitutunda Azərbaycanın yerli üzüm sortlarının genetik identifikasiyası, marker əsaslı seleksiya işləri, xəstəlik və zərərvericilərə qarşı davamlılığın skrininqi, genofond mübadiləsi, kadr hazırlığı və s. sahələrdə əməkdaşlıq işləri həyata keçirilir.

Geilweilerhof Üzümün Seleksiyası İnstitutunun direktoru Dr. Oliver Trapp, Üzümün genetik resursları bölməsinin rəhbəri Dr. Franco, üzüm xəstəlikləri və biotexnologiya bölməsinin rəhbəri Dr. Ludger Hausman, üzüm və şərabın biokimyəvi tədqiqatları bölməsinin rəhbəri Dr. Florian Schwander institutda aparılan tədqiqatlar haqqında məlumat veriblər. Öz növbəsində, V.Səlimov ÜŞETİ-nin ümumi fəaliyyəti və layihə çərçivəsində görülən işlər barədə tədqimatla çıxış edib.

Görüşlərdə birgə tədqiqat işlərinin istiqamətləri və perspektivliyi, o cümlədən sortöyrənmə, üzümün biotexnologiyası və çoxaldılması, əkin materialı istehsalı texnologiyalarının təkmilləşdirilməsi, ekoloji təmiz şərabçılıq məhsullarının istehsalı üçün yeni texnologiyaların birgə işlənib hazırlanması, ikitərəfli elmi layihələrin həyata keçirilməsi, əldə edilmiş nəticələrin mübadiləsi, müştərək nəşrlər və digər sahələrdə əməkdaşlıq işlərinin davamlı həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

ÜŞETİ-nin əməkdaşları həmin institutun üzümün seleksiyası, molekulyar-genetik, biokimyəvi tədqiqatlar, mikrovinifikasiya laboratoriyalarında görülən işlərlə tanış olub, institutun “karantin istixanası” və üzüm kolleksiyasına baş çəkiblər. Qeyd edək ki, bu günə kimi Azərbaycana məxsus 392 sort-nümunə həmin institutun laboratoriyalarında molekulyar genetik analiz olunub, bir çoxu institutun kolleksiyasına daxil edilib, bir qismi isə karantin istixanasında yetişdirilib və növbəti illərdə kolleksiyaya daxil ediləcəkdir. Genetik analiz üçün təqdim olunan sort nümunələrinin diaqnostik ampelodeskriptor əlamətləri tərəfimizdən təsvir edildikdən sonra Almaniyanın eyni adlı institutu tərəfindən idarə edilən, müxtəlif üzüm növləri və sortları üzrə dünyanın ən böyük məlumat bazası olan VIVC (Vitis International Variety Catalogue) bazasına daxil edilib.

Qeyd olunanlarla yanaşı, nəzərdə tutulan yeni əməkdaşlıq müqaviləsi çərçivəsində Geilweilerhof Üzümün Seleksiyası İnstitutunun yeni, yüksək temperatura, quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlı bir neçə üzüm sortunun Azərbaycanın torpaq-iqlim şəraitində adaptasiya xüsusiyyətlərinin öyrənilməsi məqsədilə ÜŞETİ-yə təqdim edilməsi gözlənilir. Bu sortların respublikamıza introduksiyası və adaptiv xüsusiyyətlərinin örənilməsi nəticəsində müsbət əlamətli genotiplərin müəyyən edilib, tətbiq edilməsi qlobal istiləşmə fonunda meydana çıxan risklərə qarşı dayanıqlı üzümçülüyün formalaşmasında mühüm rol oynayacaq.

Əməkdaşlar “Natürlich Veredelt” tingçilik təsərrüfatına da baş çəkiblər. Müəssisənin rəhbəri Volker Freytag müəssisədə sertifikiatlı ting istehsalı barədə məlumat verib. Bildirib ki, müəssisədə müasir seleksiya üsulu ilə hazırki dövrün tələblərinə uyğun calaqaltılardan və yeni yaradılmış, xəstəlik və zərərvericilərə, o cümlədən abiotik amillərə davamlı yeni üzüm sortlarından calaq tingləri istehsal edilir. Cənab V.Freytag Azərbaycanla tingçilik sahəsində əməkdaşlıq etməyə maraqlı olduğunu, yeni üzüm tinglərinin Azərbaycanda sınaqdan keçirilməsini məqsədəuyğun hesab etdiyini, ÜŞETİ-nin və Şamaxı Üzüm Tingçilik Mərkəzinin fəaliyyəti ilə tanış olmaq məqsədilə gələn il ölkəmizə səfər etmək niyyətində olduğunu bildirib.