Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun (ÜŞETİ) əməkdaşları və İtaliyanın CREA (Aqrar Tədqiqat və İqtisadiyyat Şurası) təşkilatının nümayəndələri arasında görüş keçirilib.
Görüşdə institutun direktoru Vüqar Səlimov müəssisənin fəaliyyəti, mövcud təsərrüfat sahələri, dayaq məntəqələri, Azərbaycanın, o cümlədən Qarabağın nadir və yerli üzüm sortlarının çoxaldılması istiqamətində icra olunan layihələr, sortların molekulyar genetik təmizliyinin araşdırılması və OİV deskriptorları üzrə göstəricilərinin müəyyən edilməsi istiqamətində tədqiqatlar haqqında ətraflı məlumat verib.
Təşkilatın nümayəndələri institutda fəaliyyət göstərən mikroşərabçılıq, calaq mərkəzi, şərab zirzəmisi, tinglik əkin materialları, “Qarabağ guşəsi”, akkreditasiyadan keçmiş, tam təchizatla fəaliyyət göstərmək imkanları olan fiziki-kimyəvi analizlər və genetik laboratoriya, müvafiq cihaz və qurğular, onların iş prinsipi və yeni üsullarla tanış olublar. İnstitutun nəzdində hazırlanan şərabların dequstasiyası həyata keçirilib və qiymətləndirmə aparılıb. Qurudulmuş üzüm sortları, çoxaltma məqsədilə əkilən ting-əkin materialları nəzərdən keçirilib.
Qonaqlar CREA-nın fəaliyyət istiqamətləri, təşkilatın maddi-texniki bazası, istifadə texnologiyaları və innovativ yanaşmalarını əks etdirən təqdimatlarla çıxış ediblər.
Daha sonra ÜŞETİ – nin Şamaxı Üzüm Tingçilik Mərkəzinə (ŞÜTM) səfər edilib, yeni salınmış kolleksiya bağları, istixana kompleksi, calaq prosesi, tinglər və tinglərin keyfiyyətli formada saxlanması üçün istifadə edilən soyuducu anbarlar qonaqlara nümayiş olunub. Qeyd edilib ki, üzüm tinginə olan tələbat yerli istehsal hesabına təmin ediləcək. Belə ki, ŞÜTM-də respublikamızda ilk dəfə olaraq yerli üzüm sortları - Bayanşirə, Mədrəsə, Xindoqnı, Arna-qrna, Şirvanşahıdan ibarət calaq olunmuş əkin materialı emalatxana prosesində mürəkkəb stratifikasiya və affinitet prosesini keçdikdən sonra tarla şəraitində əkilmişdir. Eyni zamanda calaq - tinglərin çıxım faizinin qənaətbəxş olması və birillik zoğların normal inkişaf etməsi, istehsal olunan tinglərin bioloji, fitosanitar baxımdan təmiz və fillokseraya davamlılığı vurğulanıb.
Sonda tərəflər arasında ikitərəfli elmi layihələrdə iştirak, sənədlər, nəşrlərin mübadiləsi, elmi işçilərin İtaliyada təcrübə proqramına cəlb edilməsi, yeni texnologiyaların tətbiqi və digər məsələlər istiqamətində birgə fəaliyyət perspektivlərini nəzərdə tutun əməkdaşlıq müqaviləsinin imzalanması üçün razılıq əldə olunub.