Şamaxıda üzüm bağlarına aqrotexniki qulluqla bağlı tarla seminarı keçirilib

Şamaxıda üzüm bağlarına aqrotexniki qulluqla bağlı tarla seminarı keçirilib

a group of people in a farm

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Şamaxı rayonunda üzümçülük təsərrüfatlarında “Dəmyə şəraitində üzümün yetişdirilmə texnologiyası: yaşıl əməliyyatlar, gübrələmə, torpaq becərmələri, xəstəlik və zərərvericilərlə mübarizə” mövzusunda tarla seminarı keçirilib.

Tədbirdə üzüm bağlarında suvarma tətbiq olunmadıqda meydana çıxan fəsadlar və quraqlığın yaratdığı mənfi təsirlərin aradan qaldırılması məqsədilə aqronomiq tədbirlərin elementləri müzakirə olunub. Yaşıl əməliyatlar zamanı optimal yarpaq səthinin müəyyən edilməsi, stress faktorlarını aradan qaldıran yarpaq gübrələri, torpaq becərmələrinin sayı və formaları, xəstəlik və zərərvericilərə qarşı mübarizə və s. üzrə proqram və tədbirlər planı müəyyən edilərək həyata keçirilməyə başlanılıb.

Son dövrlərdə dünyada baş verən qlobal istiləşmələr fonunda bir sıra iqlim amillərində, o cümlədən düşən yağıntıların miqdarında qeyri-mütənasiblik və kəskin azalmalar meydana gəlib. Bunun nəticəsində isə bəşəriyyət, o cümlədən kənd təsərrüfatında əhəmiyyətli bitkilər təhlükəli risk amili - quraqlıqla üz-üzə qalıb. Araşdırmalara görə, stress faktorları arasında son illərdə quraqlığın təsiri artaraq 26%-ə qədər yüksəlib. Quraqlığın güclü müşahidə olunduğu illərdə məhsul itkisi 50%-ə qədər yüksələ bilir. Odur ki, dünyada və ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” bu çağırışlardan irəli gəlir və ardıcıl olaraq tədbirlər həyata keçirilir.

Üzüm quraqlığa davamlı mezofit bitkidir. Lakin havanın və torpağın rütubəti tənəyin böyümə və inkişafına, alınan məhsulun kəmiyyət və keyfiyyətinə çox təsir edir. Suvarılmayan üzümlüklərdə (Dəmyə şəraitində) üzümün böyüyüb inkişaf etməsi üçün illik yağmurlar optimal miqdarda, yəni 500-600 mm-dən az olmamalıdır.

Quraqlığa qarşı mübarizə tədbirləri əsasən 3 qrupda - quraqlığa davamlı sortların seçilməsi, kökün əsas hissəsinin yerləşdiyi torpaq hissəsində rütubətin toplanması və saxlanması, eləcə də tənəyin bilavasitə özünə təsir edən müvafiq aqrotexniki tədbirlərin tətbiq edilməsi kimi təsnif olunur.

Üzümün becərilmə şəraitindən (suvarılan və suvarılmayan) asılı olaraq quraqlıqla mübarizədə müxtəlifliklər meydana çıxır. Suvarılan üzümlüklərdə əsasən suya qənaətedici üsullardan istifadə (damcıvari suvarma və s.) edilir və nəmliyin qorunmasına yönəlmiş aqrotexniki və torpaq becərmələri üstünlük təşkil edir. Adətən torpağa ən çox su payız - qış mövsümündə daxil olur. Buna görə də nəmliyin toplanması və saxlanması üzrə tədbirlərə payızda, məhsul yığımı bitdikdən sonra başlanmalı və bütün qışı, yaz gələnə kimi davam etdirilməlidir. Yazda və yayda torpağa qulluğun əsas vəzifəsi qış ərzində toplanmış nəmliyin qorunub saxlanması, həmçinin yaz-yay yağıntılarından nəmliyin toplanması və saxlanmasıdır.

Bunun üçün məhsul yığımından sonra dərhal torpaq becərmələrinə başlamaq (payızda sahədə və cərgəaralarında torpağın şumlanması, payızda torpaq layını çevirməklə, yazda isə çevirməməklə 18-20 sm dərin şumlanması, yaz işlərindən sonra torpağı dərindən 10 sm, eləcə də yay dövründə 6-7 sm dərinliyində bir neçə dəfə torpağın yumuşaldılması, cərgələrarası yay kultivasiyası), qarı süni saxlama (qışda tənəklərin ətrafında qar toplanılması, kolun dibində çala qazmaq), yazda nəmliyin saxlanması üçün mulçalama, torpağın yaxşı strukturasını yaratmaq və s. kimi aqrotexniki tədbirlər həyata keçirilməlidir.

Payız və qış dövrlərində müşahidə edilən quraqlıq və mülayim hava şəraiti bir çox xəstəliklərin inkişaf etməsinə səbəb olur. Bir çox göbələk mənşəli törədicilərin təsirindən gövdə xəstəlikləri müşahidə edilir, birillik zoğların gözcüklərinin sirayətlənməsi və zədələnməsi prosesi baş verir. Ona görə payız və qış aylarında göbələk xəstəliklərinə və zərərvericilərə qarşı müvafiq pestisidlərlə profilaktiki çiləmələr aparılması tövsiyə olunur.

Müşahidə edilən quraqlıqlar qlobal və mütəmadi xarakter daşıdığından fermer və istehsalçılar üzüm əkin materialı sifariş edərkən tinglərin, o cümlədən calaqaltıların torpağın karbonatlılığı, şoranlığı ilə yanaşı quraqlıqlığa davamlılıqlarını da nəzərə almaları vacibdir.

Şamaxıda üzüm bağlarına aqrotexniki qulluqla bağlı tarla seminarı keçirilib Şamaxıda üzüm bağlarına aqrotexniki qulluqla bağlı tarla seminarı keçirilib Şamaxıda üzüm bağlarına aqrotexniki qulluqla bağlı tarla seminarı keçirilib Şamaxıda üzüm bağlarına aqrotexniki qulluqla bağlı tarla seminarı keçirilib Şamaxıda üzüm bağlarına aqrotexniki qulluqla bağlı tarla seminarı keçirilib