Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu ilə “Grand-Agro InVitro” MMC arasında tərəflərin öz fəaliyyətlərində sosial-iqtisadi səmərəliliyin təmin edilməsi istiqamətində ikitərəfli əməkdaşlıq yaradılır
“Grand-Agro InVitro” MMC -nin direktoru Taleh Zeynalov və əməkdaşları ÜŞETİ-də olublar. İlk Öncə İnstitutun direktoru Vüqar Səlimov və direktor müavinləri Rauf Əsədullayev və Teymur Musayev qonaqlara institutun fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlığı haqqında məlumat veriblər. Taleh Zeynalov vurğulayıb ki, əməkdaşlıq istiqamətləri ÜŞETİ-nin anaclıq bitki materiallarından istifadə etmə imkanının təmin edilməsi, tərəflərin qarşılıqlı razılığı əsasında GAİ-ni təmsil edən mütəxəssislərin təmənnasız olaraq ÜŞETİ tərəfindən təşkil olunan, yaxud ÜŞETİ-nin iştirak etdiyi layihələr çərçivəsində keçirilən müvafiq yerli və beynəlxalq tədbirlərə, təlim və layihələrə cəlb edilməsinin, aidiyyəti seminar və elmi konfranslarda, dövlət və beynəlxalq təcrübə proqramlarında, kənd təsərrüfatı üzrə yarmarkalarda və sərgilərdə birgə iştirakının təmin olunması, müvafiq sahə üzrə mövcud mütəxəssislərinin nəzəri və praktik bilik və texniki peşə bacarıqlarının artırılması, mütəmadi məlumat və təcrübə mübadiləsinin təmin edilməsi, elmi işçi heyətinin GAİ-yə mütəxəssis/ekspert qismində cəlb edilməsindən ibarət olacaq.
Tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilmiş əməkdaşlıq sahələri üzrə müvafiq işlərin görülməsi və xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanması nəzərdə tutulub.
Daha sonra qonaq, institutun Fiziki kimyəvi analizlər və Emal laboratoriyasında olub. Sonda isə qonaqlar institutun müxtəlif illərdə istehsal olunub qorunub saxlanılan şərab zirzəmisi ilə də tanış olublar.