DƏRİN HÜZN VƏ KƏDƏRLƏ VERDİYEV RƏHMAN XƏLİL OĞLUNUN XATİRƏSİNİ YAD EDİRİK, ALLAH RƏHMƏT ELEƏSİN!

Bu gün Üzümçülük və Şərabçılıq ET İnstitutunun dəyərli əməkdaşı, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent, "Tərəqqi və Şöhrət" ordeni ilə təltif edilmiş böyükdən kiçiyə hər kəsin sevgisini qazanan qocaman alim, şair qəlbli Rəhman müəllimimiz vəfat edib.

Verdiyev Rəhman Xəlil oğlu, 1935-ci ildə Kəlbəcər rayonunun Yanşaq Kəndində anadan olmuşdur. O, 1951-ci ildə Yanşaq kənd orta məktəbini bitirmişdir. Elə, həmin il Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinə daxil olmuşdur. 1955-ci ildə həmin institutu bitirmiş və ixtisası üzrə Kəlbəcər rayonuna işə göndərilmişdir.1960-cı ildə ixtisası üzrə Moskvaya, aspiranturaya oxumağa getmiş və aspiranturanı 1964-cü ildə uğurla başa vurmuşdur.“Azərbaycanın dağlıq rayonlarında kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması və sahələrin əlaqələndirilməsi” mövzusunda dissertasiya müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

Alim adı ilə Azərbaycana qayıdan Rəhman Verdiyev 1967-ci ilə kimi müxtəlif idarələrdə ixtisası üzrə işləmişdir. Üzümçülük sahələrində onun elmi fikir, göstərişləri əsas götürülür, bunun əsasında müəyyən qərar və sərəncam qəbul olunurdu.R.X.Verdiyev Respublikanın rayonlarında yeni üzüm bağları salmaq üçün gərgin iş aparmışdı. Üzüm sahələri daha da genişləndirilərək, Respublikada üzüm istehsalı il ərzində 2 milyon tonu ötüb keçdi.1984-1985-ci illərdə, üzümçülük təsərüffatının ən çox gəlir verən sahəsinə çevrilməsində R.X.Verdiyevin xeyli əməyi olmuşdur.

1977-ci ildə R.X.Verdiyev yenə də elmi işə qayıdır-Respublika Üzümçülük-Şərabçılıq İnstitutunda şöbə müdiri təyin olunur. 1990-cı ildə həmin institutun direktoru vəzifəsinə irəli çəkilir. O, işlədiyi müddətdə elmi fəaliyyətini davam etdirmişdir. Belə ki, həmin dövrdə 50-yədək elmi əsəri yazıb çap etdirmişdir. Rəhman müəllim ömrününün son günlərində də qələmini bir an yerə qoymadı, məqalələr yazıb qəzetlərdə çap etdirdi, yeni üzüm bağlarınının salınması üçün dəyərli təkliflərini irəli sürürdü. Çox təəssüf ki onun Kəlbəcər və Qarabağ haqqında yazdığı məqalələri son məqalələri oldu. Şükürlər olsun ki, doğma Kəlbəcərinin işğaldan azad olunmasını görmək Rəhman müəllimə qismət oldu.

Dərin kədər və hüznlə ailəsinə və yaxınlarına kolləktivimiz adından baş sağlıgı veririk. Allah rəhmət elesin!