BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı - COP29 çərçivəsində beynəlxalq elmi-praktiki konfrans keçirilib
Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) və Üzümçülük Və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) təşkilatçılığı ilə “Qlobal iqlim dəyişkənliyi şəraitində müasir əkinçilik: aktual problemlər, inkişaf tendensiyaları, perspektivlər” mövzusunda hibrid formatda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransın açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə ƏETİ-nin direktoru Faiq Xudayev və ÜŞETİ-nin direktoru Vüqar Səlimov açıblar. Tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Elm və Təhsil Nazirliyinin müvafiq əməkdaşları, institutların rəhbər və mütəxəssisləri, aqrar sahədə çalışan xarici eksprt və alimlər iştirak ediblər.
Konfransın plenar iclasında Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, AMEA-nın vitse prezidenti, b.e.d., akademik, İradə Hüseynova, Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, a.e.d., professor, Zeynal Əkpərov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, a.e.d., professor, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, a.e.d., professor, Pənah Muradov, Dendrologiya İnstitutunun baş direktoru, b.ü.f.d., dosent, Minarə Həsənova, KTN Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru, a.e.d., İlham Qaraqurbanlı, Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru a.e.ü.f.d. Günel Seyidzadə və Aqrar İnnovasiya Mərkəzinin Elmi innovasiyaların tədqiqi şöbəsinin müdiri b.ü.f.d., dosent Cavanşir Təlai, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin (PHŞ) İdarə Heyətinin sədri vəzifəsini icra edən, b.ü.f.d, dosent Samirə Bağırova çıxış ediblər.
Çıxışlar zamanı iqlim dəyişkənliyi təsirlərinin yumşaldılması məqsədi ilə molekulyar–biotexnoloji tədqiqatların genişləndirilməsinin vacibliyi, Bitki Genetik Ehtiyatlarının qorunması və səmərəli isifadəsinin əhəmiyyəti, Şərqi Zəngəzur və Qarabağda əhalinin məskunlaşmasında kəhriz sistemlərinin davamlı inkişaf perspektivlərinə yenidən baxış, Zəngilan rayonunun dendroflorasına iqlim dəyişikliklərinin təsiri, Qlobal İqlim dəyişikliyi fonunda Ərzaq Təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə biologiya və xüsusi ilə də aqrar elmləri sahəsində çalışan mütəxəssislərin səylərinin birləşdirilməsi və kompleks tədqiqatların aparılmasının vacibliyini vurğulayıblar. Plenar iclasda həmçinin ƏETİ-nin Torpaq və bitki analizləri laboratoriyasının baş elmi işçisi b.ü.f.d., dosent Nizami Hümmətov “Dəmyə şəraitində əkin və otlaqaltı torpaqların fiziki keyfiyyət göstəricilərinin qiymətləndirilməsi”, ATT ASC Keyfiyyətin idarəedilməsi və standartlaşdırma departamentinin müdir müavini, KTN İSO tətbiqi üzrə işçi qrupunun üzvü, i.e.f.d. Qalib Şərifov “Ətraf mühitin mühafizəsi, qlobal istiləşmə və İSO standartları” mözvularında təqdimatlarla çıxış ediblər.
Tədbirdə ƏETİ-nin direktoru Faiq Xudayev tərəfindən respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsi probleminin kompleks həlli məqsədi ilə aidiyyəti qurum və təşkilatların birgə elmi tədqiqatlar aparmaqla “Qlobal iqlim dəyişikliyi: Ekosistemin qorunması və Dayanıqlı Ərzaq Təminatı” mövzusu ətrafında birləşməsi təklif edilib.
Daha sonra tədbir iştirakçıları tərəfindən apardığı fundamental fizioloji tədqiqatlar, yaratdığı yumşaq və bərk buğda sortları ilə Azərbaycanın biologiya və aqrar elminə əvəzedilməz töhvə vermiş, uzun müddət Əkinçilik ET İnstitutunda çalışmış akademik Cəlal Əliyevin iş otağına baxış keçirilərək, xatirəsi yad edilib.
Tədbir çərçivəsində Yaşıl dünya naminə-Ağacəkmə aksiyası keçirilib, konfrans iştirakçıları tərəfindən 100-ə yaxın piramidal sərv ağacı əkilib.
Hibrid formatda keçirilən beynəlxalq konfransda - Dəyişkən iqlim şəraiti və kənd təsərrüfatı istehsalının dayanıqlı idarə olunması; İqlim dəyişkənliyi şəraitində torpaqların fiziki, kimyəvi və bioloji keyfiyyətinin idarə olunması; Taxılçılıqda məhsuldarlığın artırılmasına müasir elmi və praktiki yanaşmalar, məhsul istehsalının səmərəliliyinin yüksəldilməsi yolları; Dəyişkən mühit şəraitinə uyğunlaşan k/t bitki sortlarının yaradılmasnın əhəmiyyəti; Kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi: ekoloji və iqtisadi səmərə; Üzümçülük və şərabçılıqda tullantısız texnologiyaların inkişaf etdirilməsi; - elmi istiqamətləri üzrə üç seksiyada təqdimatlarla məruzələr edilib.
Konfransın işi azərbaycan, rus və ingilis dillərində aparılıb. Türkiyə Cumhuriyyəti, Rusiya Federasiyası və digər ölkələrdən olan xarici və eləcə də bəzi yerli məruzəçilər tərəfindən on-line təqdimatlar da edilib.
Ümumilikdə Azərbaycanın və xarici ölkələrin elmi müəssisələrinin alim və mütəxəssisləri tərəfindən təşkilat komitəsinə təqdim edilmiş 110 tezis konfrans materialları toplusuna daxil edilib.
Yekunda məruzəçilərə beynəlxalq sertifikat təqdim olunub.