Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamış Xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günüdür. Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan, ermənilərin Azərbaycana qarşı torpaq iddialarını, erməni separatizmini və terrorunu dəstəkləyən bir rejimə qarşı kütləvi xalq hərəkatı 1988-ci il noyabrın 17-də başlandı. Tarixin bugünü xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır. Qüdrətli xalq hərəkatının əzəməti Respublikamızın bütün şəhər və rayonlarını bürüdü.
Azərbaycan yenidən öz müstəqilliyinə qovuşduqdan sonra 17 noyabr tarixi xalqın milli-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.
Bu il xalqımız Milli Dirçəliş Gününü 30 ildir doğma torpaqlarımızın 20 faizini işğal altında saxlayan, 28 il ərzində ATƏT-in Minsk qrupunun, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayan Ermənistanın silahlı qüvvələrinə qarşı Böyük Vətən savaşında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfər ili ilə birgə keçirir. Bakı metropoliteni kollektivi bu ikiqat bayram sevinci münasibətilə xalqımızı təbrik edir, Rəşadətli Azərbaycan ordusuyla qürur duyduğunu bildirir.