Şamaxıda üzümçü fermerlər üçün tarla seminarı keçirilib

bkaHFBGinV49VXZ7pKK6ukra0Tl1PRQjCVz1zda4.jpg

Şamaxı rayonunda üzümçülük fermer təsərrüfatları üçün “Üzümçülükdə yay mövsümündə aqrotexniki, aqrokimyəvi və bitki mühafizə tədbirləri yüksək məhsuldarlığın və keyfiyyətin əsasıdır” mövzusunda tarla seminarı keçirilib. Kənd Təsərrüfatı Nazirliyi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi üzümçülükdə aqrotexnoloji tədbirlərin həyata keçirilməsi qaydalarını fermerlərin diqqətinə çatdırmaqdır.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun “Üzümün aqrotexnikası” şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Azər Şükürov, “Üzümün emalı və şərabın texnologiyası” şöbəsinin aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Mövlud Hüseynov və Şamaxı DAİM-in nümayəndəsi Orxan Hüseynov tərəfindən üzümlüklərdə bioloji məhsuldarlığın təyini və buna əsasən yığım üçün lazımi tədbirlərin görülməsi, boz çürümə, oidium, antraknoz, salxım yarpaqbükəni, tor gənəciyi, mildiu və s. xəstəlik və zərərvericilərə qarşı preventiv əməliyyatların aparılması barədə tədbir iştirakçılarına məlumat verilib. Bundan başqa, gilələri tam iriliyə çatan və 0,5-1% şəkər toplamış texniki üzüm sortlarının qeyri-standart salxımlarının seyrəldilərək dərilməsi, ən tez yetişən üzüm sortlarının (Kardinal, Prima, Viktoriya, Blackmagic, ağ kişmişi, attika və s.) yığım üçün yoxlanılması, zoğların uclarının vurulması, biclərin qoparılması, məhsulun ağırlığından sallanan zoğların bağlanılması, salxımların ətrafındakı yarpaqların qismən qoparılması, dəmyə şəraitində becərilən üzümlüklərdə 10-12 sm dərinlikdə kultivasiya aparılaraq kapilyarın pozulması nəticəsində torpaqda nəmliyin qalmasına şərait yaradılması, sortlar üzrə üzüm yığımına 15-20 gün qalmış aqrotexniki qulluqların dayandırılması, suvarma, dərmanlama işlərinin başa çatdırılması və digər tədbirlərin zəruriliyi fermerlərin diqqətinə çatdırılıb.

Təlim zamanı tarla refraktometri, xüsusi qayçı və bıçaqlar, ucvurma bağ qayçısı, bağlama üçün ip, “tənəkarası becərən hidravlik frez”, mövsümə uyğun olaraq üzümün aqrotexnikası, aqrokimya və inteqrir mübarizə texnologiyalarının əks olunduğu çap materiallarından istifadə edilib və bəzi əməliyyatlar praktiki olaraq həyata keçirilib.

Qeyd edək ki, təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” regional proqramına əsasən həyata keçirilir və Salyan, Şamaxı və İsmayıllı DAİM-lərinin üzümçülük sahəsində potensialının inkişaf etdirilməsi məqsədi daşıyır.

Şamaxıda üzümçü fermerlər üçün tarla seminarı keçirilib Şamaxıda üzümçü fermerlər üçün tarla seminarı keçirilib