FERMERLƏRİN ÜZÜM BAĞLARINDA MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinq şöbəsinin müdiri Tofiq Rzayev, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov, direktor müavinləri Rasim Yusubov və Rauf Əsədullayev, Üzümün aqrotexnikası şöbəsinin müdiri Azər Şükürov və aparıcı elmi işçi Mövlud Hüseynov Şamaxı Təcrübə Stansiyasının təcrübə sahələrində becərmə işlərinin gedişi ilə tanış olublar. Şamaxı TS-nın direktoru Yusif Kərimov stansiya haqqında məlumat verib. Qeyd edilib ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Şamaxı TS 1979-cu ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə respublikamızda üzümçülüyün elmi əsaslarla inkişafını təmin etmək məqsədilə yaradılmışdı. Stansiyanın əməkdaşları “Respublikada üzümün genetik ehtiyatlarının toplanması, öyrənilməsi, qiymətləndirilməsi, təsərrüfat və seleksiya əhəmiyyətli sort və formaların seçilməsi və davamlı istifadəsi” mövzusu üzrə tədqiqat işi aparırlar. Stansiyanın cəmi 18 ha torpaq sahəsində, hazırda 4 ha üzümlük sahəsi var. Bundan 2 ha bar verən üzüm bağıdır, 1 ha-da isə yerli üzüm sortlarından ibarət 30 min ədəd çubuq əkilərək tinglik salınıb. Stansiyanın təcrübə sahələrində aqrotexniki, aqrokimyəvi və inteqrir mübarizə tədbirləri həyata keçirilir. Stansiyanın işinin müasir tələblər səviyyəsində qurulması, maddi texniki bazasının möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.